Topçu Vüsalın atası: Şirkətə zəng edib etirazımı bildirdim, söz verdilər ki…backend

Topçu Vüsalın atası: Şirkətə zəng edib etirazımı bildirdim, söz verdilər ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gündür ki, sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal Şahkərimovun şəkli vurulan “Topçu” arağının fotoları etiraz doğurub.

Bütövlükdə əksər vətəndaşlar, ziyalılar, cəmiyyətin fəal kəsimi qəhrəman əsgərin fotosunun araq şüşəsi üzərində olmasını gənc nəslin tərbiyəsi baxımından arzuolunmaz hesab ediblər.

Sosial şəbəkələrdə gedən müzakirələrdə səslənən əsas fikir belədir ki, o fotoşəkil insanların düşüncəsində müasir tarix kitablarının üz qabığı kimi canlanıb və onu içki şüşəsində gördükdə çox məyus olublar.

Həmin içki şüşələrinin sabah bir tullantı kimi zibil qutularına atılacağı isə daha pis bir mənzərə gündəmə gətirəcək. Halbuki qəhrəmanlarımız, şəhid və qazilərimiz daha yüksək məqama layiqdirlər və xalq onların fotosunu daim başının üzərində, yüksəkdə görmək istəyir.

Məsələ ilə bağlı, sözügedən məhsulun istehsalçısı olan “Azgranata” MMC də münasibət bildirib. Qurumdan mətbuata verilən açıqlamada bildirilib ki, daha öncə də digər xalq qəhrəmanlarının adına içki istehsal olunub və bu, bir ənənədir. Digər tərəfdən isə məşhur topçumuzun ailəsi buna razılıq verib.

Məsələ ilə bağlı topçumuzun atası İslam Şahkərimovla da əlaqə saxlanılıb.

NOCOMMENT xəbər verir ki, Vüsalın atası musavat.com-a açıqlamasında bildirib ki, əvvəlcə öz razılığını bildirsə də, daha sonra ictimai narazılığı görüb və şirkətə zəng edərək etirazını bildirib: “Mən artıq razılığımı geri çəkmişəm, şirkətlə əlaqə saxlayıb dedim ki, oğlumun fotosundan istifadə etməsinlər. Mənə zəng edib demişdilər ki, bir qəhrəman kimi onun adına içki istehsal etmək istəyirik. Mən də dedim ki, istəyirsinizsə, edin.

Ancaq sonra gördüm ki, narazılıq yaranıb, imtina etdim. Şirkətdən də bildirdilər ki, əgər istəmirsinizsə bu içkini istehsala buraxmarıq. İçki hələ istehsal olunmayıb və söz verdilər ki, buraxmayacaqlar”.

İslam Şahkərimovdan qəhrəman topçumuzun vəziyyəti ilə bağlı da soruşduq. O bildirdi ki, mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayır və yaxşı olduğunu bildirir.