Toqquşmada Bakı ittiham edilir? Niyə, nə baş verir?backend

Toqquşmada Bakı ittiham edilir? Niyə, nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 sentyabrda baş verən sərhəd toqquşmaları ilə bağlı İrəvan yaxşı hazırlaşıb və yaxud hazırlaşdırılıb: ABŞ Dövlət Departamenti (Ned Prays) birbaşa və açıq mətnlə Azərbaycanın Ermənistan ərazisinə, o cümlədən mülki obyektlərə zərbə endirdiyinin “güclü müşahidə olunduğunu” bildirir, Blinkenin “atəşkəs çağırışının Əliyevə edilməsinin səbəbi” kimi məhz Azərbaycanın zərbə endirməsi göstərilir, Fransa Prezidenti BMT TŞ-nin təcili iclasını çağırıb, daha sonra məhz Azərbaycan (məhz Azərbaycana, Ermənistana deyil) Prezidentinə atəşkəslə bağlı çağırış edir…

Sentyabrın 12-dən 13-nə keçən gecə təxribat baş verir, Azərbaycan Ordusu “Bayraqdar”, “Harop” qaldırmağa məcbur olur, Paşinyan gecə 02-də iqamətgaha gəlir, səhərə qədər Putin də daxil olmaqla, 4 liderə zəng edir və danışa bilir? Putin Rusiya vaxtı ilə 01:30-da, Makron Fransa vaxtı ilə 00:00-da Paşinyanın zənglərinə dərhal cavab verir?

Vətən savaşı, irimiqyaslı hərbi əməliyyatlar başlayandan yalnız 4 gün sonra BMT TŞ-nin iclası baş tutmuşdu, ancaq indi cəmi 1 gündən sonra keçirilir?

İkinci Qarabağ savaşında Azərbaycan ərazisində müharibə gedərkən savaş zonasından 100 kilometrlərlə uzağa, gecə vaxtı, böyük şəhərlərə və mülki insanlara zərbələr endirərkən nədənsə ABŞ Dövlət Departamenti və Fransa “Ermənistanın mülki obyektlərə zərbə endirdiyinin güclü müşahidə olunduğunu” görmür, yüzlərlə mülki şəxsin qətlə yetirilməsinə biganə yanaşır, ancaq bircə mülki şəxsin də ölmədiyi haqda Ermənistan rəsmilərinin “çaşıb” açıqlama vermələrinə baxmayaraq, Azərbaycanın mülki obyektlərə zərbə endirməsini “güclü” müşahidə edirlər?

Əslində, nə baş verir və bu, nə oyundur belə?

Ermənistan bir aydan çoxdur ki, sərhəddə “yoxlama” atışları icra edir, S-300-lər də daxil olmaqla, ağır texnika cəmləyir; toqquşmadan yayılan görüntülərdən aydın olur ki, Ermənistanın məhv edilən əsgərlərinin əksəriyyəti zabit və xüsusi təyinatlıdır, demək, aylardır Azərbaycanla delimitasiya, demarkasiya prosesini və sülh sazişini ləngidən, 10 noyabr bəyanatının tələblərini yerinə yetirməkdən imtina edən Ermənistan ciddi bir zərbəyə hazırlaşırmış; Azərbaycan böyük ölçüdə minatəmizləmə işləri ilə məşğul olarkən, sərhədə toplanmış xüsusi diversantlar hər gecə Azərbaycan ərazisinə keçib mina döşəyirlərmiş…

Hanı bəs vəd edilmişdi, avqust ayında Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən tamamilə çıxarılacaqdı? Bunu Paşinyan ictimai şəkildə bildirmişdi axı! Niyə icra edilmir?

Azərbaycan Ordusu düşmənin qüvvələri cəmləşdirməsini və həmləyə hazırlaşdığını yaxşıca müşahidə edirdi və bunun qarşısını almasa, həddən artıq ciddi fəsadları olacaqdı.

Azərbaycan Ordusunun 12-dən 13-nə keçən gecə məhv etdiyi texnikaların silahısına və həcminə baxanda bir daha aydın olur ki, 44 günlük savaşda hərbi texnikasının 85 faizini itirən Ermənistan inanılmaz və gözlənilməz şəkildə texniki itkilərini bərpa edib, hətta onları Azərbaycanla sərhədə daşıyıb gətirə bilib. Kimdir İrəvana dəyəri yüzmilyonlarla olan texnikaları qısa müddətdə hədiyyə edən? İrəvanı sürətlə silahlandırmaqda məqsəd və hədəf nədən ibarətdir?

Azərbaycan Ordusu öz təhlükəsizliyi üçün sərhədinin yaxınlığında olan hərbi baza və cəmləşmiş ağır texnikalara ağır zərbələr endirdi və qısamüddətli əməliyyatla təhlükəsizliyinin təmini baxımından müstəsna vacib iş gördü.

Bütün normal, güclü dövlətlər öz sərhədlərinin təhlükəsizliyi üçün sərhədlərinin yaxınlığında cəmləşən qüvvələrə zərbələr endirir. Azərbaycan da ABŞ, Rusiya, Türkiyə, İsrail və s. ölkələrin təcrübəsindən öyrənməkdə və bunu tətbiq etməkdə, beynəlxalq hüququn verdiyi imtiyazlardan maksimum istifadədə tamamilə haqlıdır.

Bunu 13 sentyabrda Ermənistan parlamentinin iclasında Baş nazir Nikol Paşinyan açıq şəkildə etiraf etdi. Rəsmən elan etdi ki, Azərbaycan dövləti Ermənistan ordusunun güclənməsindən və inkişafından ehtiyatlanır, buna mane olmağa çalışır.

Azərbaycanın Ermənistan ordusunun güclənməsi, əlavə hərbi texnikalar alması və sərhədə qüvvələr cəmləşdirməsindən niyə ehtiyat etməməlidir? Axı məhz Ermənistan ordusu Azərbaycan torpaqlarını işğal edib və 30 il işğalda saxlayıb? Məhz Paşinyan hakimiyyəti 10 noyabr kapitulyasiyasının nəticələrini qəbul etməmək üçün siyasi-hərbi təxribatlarla məşğuldur! Məhz Paşinyan öhdəlikləri yerinə yetirmək əvəzinə Minsk Qrupunu diriltmək, Qarabağ münaqişəsini yenə masaya daşımaq və dondurmaq, konflikt ocağını körükləməyə çalışır?

Azərbaycan Ermənistan sərhədini keçib? Bunu kim, hansı haqla iddia edə bilər? Azərbaycan 2 ildir sərhədin müəyyənləşməsi üçün tələblər irəli sürür. Ermənistan niyə delimitasiya və demarkasiya prosesinə başlamır? Sərhəd nə zaman çəkilib ki, Azərbaycan da o sərhədi pozmaqda ittiham olunsun?

Ermənistan sərhədlərin çəkilməsində heç bir xəritəni yaxına buraxmaq istəmir və bunu Paşinyan rəsmi şəkildə elan da etdi: 1921, 1923, 1969, 1974-cü il xəritələrindən və deməli, nəinki 1918-20-ci illərdəki müstəqil dövlətlər, hətta Sovet Azərbaycanı və Sovet Ermənistanının SSRİ tərkibinə daxil olduğu sərhədlərin də bəlirlənməsindən imtina edir, “hüquqi sənədlər”ə razı olduğunu bildirir. “Hüquqi sənədlər” dediyi anlayış isə o qədər mücərrəddir ki, onillərlə sərhədin müəyyənləşməməsi deməkdir.

Paşinyan, sadəcə, vaxt qazanır və sürətlə ordusunu inkişaf etdirməyə çalışır – bunu özü də parlamentdə deməkdən çəkinmədi. Azərbaycan dayanıb gözləməli və Ermənistanın Fransa da daxil olmaqla, Qərbin və Rusiyanın ciddi dəstəyi ilə inkişaf edib, hücuma keçməsini gözləməlidir?

Təxribat əvvəlcədən düşünülüb; əvvəlcədən bu təxribatın siyasi təbliğat metodologiyası işlənib hazırlanıb; 5 sentyabrda Ermənistan müdafiə naziri ABŞ-a gedir, hələ qayıtdığı haqda informasiya yoxdur; 5 sentyabrda Mirzoyan Moskvaya səfər edir və 3 gün görüşlər keçirir…

Eyni gündə həm Qərbə, həm də Rusiyaya edilən səfərlərin nəticəsi olacağını hələ o zaman Azərbaycan siyasi müşahidəçiləri bildirirdi. ABŞ və Rusiya ilə sanki razılaşdırılmış bir oyun oynanılır – Rusiyanın öz, ABŞ-ın və Fransanın öz, Ermənistanın öz məqsədləri var.

İlk başda nə düşünülə bilər? Rusiya heç bir halda sərhədləri yaxınlığında növbəti qarşıdurma olmasını istəməz, Ukraynada xüsusilə son günlər yaşananlar Kremli kifayət qədər məşğul edir. Üstəlik, kommunikasiyaların açılması Rusiyanın marağındadır, sanksiyalardan yan keçmək üçün bu, növbəti fürsətdir. Ancaq Avropa rus qazını əvəz etmək üçün Azərbaycandan da kömək istəyir, Bakı qaz nəqlini iki dəfə artırmaq öhdəliyi götürür və sizcə, bu, Rusiyanın könlüncədir?

Qərb Rusiyaya qarşı “ikinci cəbhənin” açıqlamasında çoxdan maraqlıdır; Rusiyanın Türkiyə və Azərbaycanla üz-üzə gəlməsini Qərb təkcə arzulamır, həm də buna çalışır; Fransa və ABŞ Ərdoğanın “əl-ayağını” yığmaq üçün çox cəhd edir – Yunanıstanın qızışdırılması üçün nələr edildiyini göz önünə gətirin.

Növbəti belə bir “bəla” niyə də Ermənistan olmasın?

İranın bölgədə maraqları bəllidir. Qələbəmizi hələ də həzm edə bilməyən Tehran niyə Ermənistanın bu “maşalığından” istifadə etməsin?

Hələ bir müddət əvvəl Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Danilov Azərbaycana qarşı əxlaqsız bir açıqlama verəndə bunun təsadüfi olmadığını bildirmişdik: qurulan oyundan Ukrayna da xəbərdardır və təkcə xəbərdar deyil, həm də vasitədir.

Baş verənlər “Post-Conson prosesləri”dir: Bölgədə böyük oyunları pozan Türkiyə-Azərbaycan birliyinə qarşı bir tələ var və Ukraynada savaşan yekə oyunçular burda “birləşirlər” – hər kəs öz marağını təmin etmək istəyir.

Azərbaycan isə Türkiyənin dəstəyi ilə bu oyunları pozur. Və əlbəttə ki, Azərbaycan ordusunun bu düyünü qılıncı ilə kəsəcəyini böyük oyunçular nəzərə almışdı.

İndi “siyasi müstəvidə” təzyiq başlayıb – həm də hər tərəfdən; həm də daxildəki “5-ci kolon” tərəfindən.

Tanrı Ordumuzu qorusun!

axar.az