Tovuz rayonunun Alakol kənd sakini Vüqar İsmayılov obyektinə çıxarış ala bilmir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, vətəndaş bildirir ki, 1996-cı ildə Tovuz Rayon İcra Hakimiyyətindən obyekt üçün torpaq alıb. O vaxtdan Qovlar şəhərində yerləşən 20 kvadratmetr torpaq sahəsində avtomobil sexi tikilib və hazırda fəaliyyət göstərir. Amma obyektə çıxarış verilmir.
Vətəndaşa çıxarışın verilməməsi ilə bağlı fərqli səbəblər göstərilir.
Vətəndaş onu da idda edir ki, onun obyektinin sağında və solunda yerləşən ev və digər təyinatlı obyektlərin çıxarışı var.
İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidmətindən məsələ ilə bağlı bildirildi ki, həmin avtomobil təmir sexinin quraşdırılması üçün ayrılmış 20 kvadratmetr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilib. Əraziyə baxış keçirilən zaman məlum olub ki, torpaq sahəsi 20 kvadratmetr olmasına baxmayaraq, inşa edilən qeyri-yaşayış sahəsi 44 kvadratmetrdir. Həmçinin, qeyri-yaşayış binasının 36 metr məsafəsindən dəmir yolu xətti və 3,5 metr məsafəsindən 10kV-luq yüksəkgərginlikli hava elektrik ötürücü xətti keçir. Torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarını elektron baza məlumatlarına əsasən araşdıran zaman qeyri-yaşayış binasının dəmir yolu xəttinin mühafizə zolağında yerləşdiyi, torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində olan torpaqlara aid olduğu aşkar edilib. Bu səbəblərdən çıxarışın əldə edilməsi mümkün olmayıb. O da qeyd edilib ki, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.