“Üç aydan sonra – gələn ilin yanvar ayında Əfsanənin 18 yaşı tamam olacaqdı”.
Bunu NOCOMMENT.az -a Astara Rayon İcra Hakimiyyəti başçısının Dolu kəndini də əhatə edən Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəqani Xalıbov deyib.
Onun sözlərinə görə, Dolu kənd sakini, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova həmkəndlisi Amil Aqil oğlu Cövziyevlə nişanlı olub:
“Oğlan tərəfi toy tarixini müəyyənləşdirmək üçün kəndə gəlib. Oktyabrin 28-də saat 13:00-da “Ata yurdu” şadlıq sarayında toy başlayıb. Təxminən bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. Dərhal xəstəxanaya aparılıb. Orada məlum olub ki, onun bətnindəki 7 aylıq döl tələf olub və ananın həyatı üçün də təhlükə yaranıb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, Əfsanə İmanovanın həyatını xilas etmək mümkün olmayıb”.
İcra nümayəndəsi əlavə edib ki, qız və oğlanın nişanlanması, eləcə də toy barədə yerli icra strukturlarında əvvəlcədən məlumat olmayıb:
“Bizdə onların nişanlanması ilə bağlı heç bir rəsmi məlumat olmayıb. Çünki gənclər Bakıda yaşayır və orada işləyirdilər. Ailələri yalnız vaxtaşırı kəndə gəlir, evlərinə baş çəkirdilər. Hadisədən və ölüm faktından sonra bütün bu məqamlar üzə çıxdı”.
İcra nümayəndəsi özünün toy mərasimində iştirak etmədiyini söyləyib.
***13:15
Astarada toy günün gecəsi dünyasını dəyişən gəlin Əfsanə İmanovanın əmisi oğlu Mehman Qasımov NOCOMMENT.az -ın Cənub bürosuna açıqlama verib.
O açıqlamasında toyda hər şeyin yaxşı olduğunu deyib:
“Dünən bəli mən toyda olmuşam. Toy da normal keçdi. Uşaq (gəlin) gəldi, meydana da qəşəng çıxdı. Axşam eşitdim ki, qızın halı pisləşib. Dedilər ki, Astara rayon mərkəzi xəstəxanasına aparıblar. Sonra səhər öyrəndim ki, uşaq (gəlin) dünyasını dəyişib. Sağlığı ilə bağlı heç bir şikayəti də yox idi”.
O bildirib ki, gəlinin 2 bacısı və 2 qardaşı var.
***12:41
Astarada toy günün gecəsi dünyasını dəyişən gəlinlə bağlı yeni məlumat əldə edilib.
NOCOMMENT.az -ın Cənub bürosunun məlumatına əsasən, 17 yaşı gəlin 7 aylıq hamilə olub.
Belə ki, qız həmkəndlisi olan oğlanla sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.
Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər.
Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
***11:21
Astarada toy günün gecəsi dünyasını dəyişən gəlin azyaşlı olub.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, onun 17 yaşı olub.
Əfsanə İmanovanın 18 yaşı 2026-cı ilin fevral ayında olacaqdı.
***10:38
Astarada gəlin ölüb.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Astara rayon sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.














