ABŞ prezidenti Donald Tramp federal səviyyədə ölüm cəzasının bərpası haqqında sərəncam imzalayıb və bütün ştatları öldürücü inyeksiya üçün kifayət qədər miqdarda dərmanla təmin etməyi əmr edib.
NOCOMMENT.az xəbər verir ki, Ağ Evin saytında dərc olunan sənəddə deyilir: “ABŞ-ın siyasəti ölüm hökmünə icazə verən qanunlara hörmət edilməsini və tam şəkildə tətbiq olunmasını təmin etmək və edamlara maneçilik törədən və onların qarşısını almaqla qanunu pozan siyasətçilərə və hakimlərə qarşı çıxmaqdır” .
Orada deyilir ki, ABŞ Baş Prokuroru qanuna görə ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin qətlinə, habelə sənədsiz immiqrantlar tərəfindən törədilən ağır cinayətlərə görə ölüm cəzası tələb edir.
Bundan əlavə, Tramp baş prokurora bütün ştatların öldürücü inyeksiyaların aparılması üçün kifayət qədər miqdarda dərmanla təmin olunması üçün lazımi tədbirlər görməyi tapşırıb.
2021-ci ilin iyul ayında o zamankı Baş prokuror Merrik Qarland departamentin ölüm cəzası və əlaqədar prosedurlarla bağlı siyasətlərini nəzərdən keçirərkən federal edamlara moratorium qoydu. Bir sıra Amerika ştatlarının yurisdiksiyası səviyyəsində ölüm cəzası tətbiq olunmağa davam edirdi.