Tramp avropalı liderlərini təəccübləndiribbackend

Tramp avropalı liderlərini təəccübləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın bəzi liderləri Ukrayna məsələsində ABŞ prezidenti Donald Trampın mövqe dəyişikliyinə təəccübləniblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.

Nəşr iddia edib ki, Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü gərgin və mübahisəli keçib. Zelenski “Tomahavk” raketlərinin ölkəsinə verilməsində israr edib, Tramp isə diplomatiyanın vaxtının yetişdiyini bildirib və heç bir çeviklik nümayiş etdirməyib.

“Axios” diqqətə çatdırıb ki, Trampla danışıqlardan sonra avropalı liderlər Ukraynanı dəstəkləyən bəyanatlar verməyə başladılar. Nəşr ehtimal edir ki, bu hadisə Trampla görüşün uğurlu olmamasının açıq əlaməti kimi qiymətləndirilə bilər. İndiyədək Starmer, Merts, Stubb və Kosta Zelenski ilə söhbətləri barədə tvit paylaşıblar.

Starmer yazıb ki, Böyük Britaniya Ukraynaya yardımı, o cümlədən hərbi köməyi davam etdirəcək, sülh ədalətli və uzunmüddətli olmalıdır. Merts də dəstəyini ifadə edib və qeyd edib ki, Ukraynaya sülh planı lazımdır. Stubb əlavə edib ki, heç kim müharibənin bitməsini ukraynalılar qədər istəmir. Kosta elan edib ki, Aİ ölkələri Ukraynaya dəstəyin gücləndirilməsini və Rusiyaya təzyiqin artırılmasını müzakirə edəcək.

Yeri gəlmişkən, Ukrayna prezident administrasiyası (PA) Volodimir Zelenski ilə Avropa liderləri arasında söhbətin təfərrüatlarını açıqlayıb.

Məlumata görə amerikalı həmkarı ilə danışıqlardan sonra Ukrayna prezidenti Finlandiya prezidenti Alexandr Stubb, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın baş naziri Corca Meloni, Norveçin baş naziri Yonas Qar Stere, Polşanın baş naziri Donald Tusk, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antonio Kost və NATO-nun baş katibi Mark Rutte ilə əlaqə saxlayıb.

PA-nın bəyanatında deyilir ki, Zelenski onlara Donald Trampla “məhsuldar və uzunmüddətli” görüş barədə danışıb.

Avropalı müttəfiqlərinə zəngdən sonra keçirilən brifinqdə isə Zelenski bildirib ki, o və liderlər digər məsələlərlə yanaşı, PURL proqramını da müzakirə ediblər.

“Liderlər mövqelərini əlaqələndiriblər və razılaşıblar ki, təhlükəsizlik üzrə müşavirlər növbəti addımları müzakirə edəcəklər”, – Ukrayna PA nəzərə çatdırıb.

“Axios”un məlumatına görə, Starmer söhbət zamanı Ukrayna üçün sülh sazişi layihəsi üzərində ABŞ ilə işləmək ideyasını irəli sürüb. Onun fikrincə, bu, Trampın Qəzza sülh planına bənzər olmalıdır. Rutte isə milli təhlükəsizlik müşavirlərinə həftə sonu təcili telefon danışıqları keçirməyi təklif edib.

Xatirə SADİQ