İtaliyanın baş naziri Ciorcia Meloni danışıqlar aparmaq üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
“Görüş Meloni tərəfdarlarının mühafizəkar İtaliyanın baş nazirinin Trampın Avropadakı əsas müttəfiqinə çevriləcəyinə ümidlərini artırır”, – nəşr yazır.
Görüşün gündəliyi qeyri-müəyyən olaraq qalır, lakin Meloninin Trampla respublikaçıların Avropa ölkələri ilə fikir ayrılıqlarının yumşaldılmasını müzakirə edəcəyi gözlənilir.
Qəzet qeyd edir ki, İtaliyanın baş naziri ilə Tramp arasında görüş ABŞ administrasiyasının hazırkı rəhbəri Co Baydenin yanvarın 9-12-nə planlaşdırılan səfərindən cəmi bir neçə gün əvvəl baş tutub. NYT-nin məlumatına görə, Baydenin İtaliyada Meloni və Papa Fransisk ilə görüşləri planlaşdırılıb.