ABŞ prezidenti Donald Tramp Çində Yaponiyanın hərbi rejimi üzərində qələbənin və İkinci dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə ABŞ-ın rolunun qeyd olunma tərzindən narazılığını ifadə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Ağ Evdə Polşa prezidenti Karol Navrotski ilə görüşdə danışıb.
Onun sözlərinə görə, ABŞ tərəfi Çinə “çox böyük” yardım göstərib, xüsusilə bu ölkədə “azadlıqdan danışıldığı” bir vaxtda.
“Düşünürəm, ümid edirəm yanılıram, amma mənə elə gəlir ki, ABŞ-a Çinin azadlığa qovuşmasına verdiyi yardım üçün kifayət qədər minnətdarlıq ifadə olunmadı. Mən Si Cinpinin çıxışına çox təəccübləndim. O, mənim dostumdur, amma hesab edirəm ki, həmin nitqdə ABŞ-ın adı çəkilməli idi”, – deyə Amerika lideri müvafiq suala cavabında bildirib.
Tramp həmçinin mərasimi izlədiyini deyib. Onun fikrincə, tədbir gözəl təşkil olunmuşdu.
“Mən təsirləndim. Başa düşürəm ki, onlar bunu mənim izləyəcəyim ümidi ilə edirdilər. Və mən izlədim”, – ABŞ prezidenti əlavə edib.