Tramp nə vəd etmişdi?backend

Tramp nə vəd etmişdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də respublikaçı Donald Trampın qələbə qazanması siyasi ekspertlər üçün gözlənilməz deyildi. Doğrudur, aradakı fərq güman ediləndən daha böyük oldu. Ancaq bunun mətləbə elə də dəxli yoxdur.

NOCOMMENT.az xəbər verir ki, Trampın prezident seçilməsi ilə bağlı maraqlı bir məqam da onun ikinci dəfə qadın namizədə qalib gələrək prezident seçilməsi idi. İlk seçkisində Hillari Klinton üzərində qələbə qazanan Tramp Baydenə məğlub olmuşdu. Bu dəfə isə o, Kamala Harris üzərində qələbə qazandı. Bu da maraqlı bir nüansdır. Mühafizəkar siyasətçilər belə məqamlarla fəxr edə də bilərlər.

Trampın qələbəsinin bir cəhəti də xüsusilə əlamətdardır. Belə ki, o, Senatda da üstünlüyü ələ keçirib. Bu da onun daha sərbəst siyasət aparmasını şərtləndirəcək.

Bəs, Tramp dövründə ABŞ-ni nələr gözləyir?

Hər şeydən qabaq Tramp diqqəti ABŞ daxilinə verəcək. Çünki ABŞ iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil. Seçicilər üçün də əsas problem iqtisadi problemlərdir. Bu mənada Trampı başa düşmək çətin deyil.

Ancaq yeni prezidentin masasında bir çox problemlər qalaqlanıb. Tramp seçki kompaniyası dövründə qanunsuz miqrant axını ilə mübarizə aparacağını bildirmişdi. Bayden-Harris dövründə ABŞ-nin cənub sərhədlərindən qanunsuz miqrant axını rekord həddə qədər çatmışdı. Trampın ilk növbədə bu problemlə mübarizə aparacağı gözlənilir. Hərçənd bu heç də asan deyil, çünki məsələnin hüquqi, başqa cür desək, Trampdan asılı olmayan problemləri var. Digər tərəfdən isə qanunsuz miqrantlar ucuz işçi qüvvəsidir, bu mənada onların deportasiya edilməsi ABŞ iqtisadiyyatına da zərərsiz ötüşməyəcək.

Bir az əvvəl də qeyd etdiyimiz kimi, ABŞ iqtisadiyyatının inkişafı yeni prezident üçün prioritet məsələlərdən biridir. Ancaq ABŞ liberal iqtisadiyyatdır, prezidentin məsələlərə münasibəti heç də həlledici deyil. Trampın yeni gömrük vergiləri (Çin məhsullarına 60 faiz vergi nəzərdə tutulur) və ümumilikdə vergiləri aşağıya endirmək cəhdlərinin nə ilə nəticələnəcəyi də maraqlıdır. Hərçənd, Tramp ilk prezidentlik müddətində iqtisadiyyatda uğurlar qazanmağı bacarmışdı.

Yeni administrasiya qarşısında duran ən ciddi problemlərdən biri də Ukrayna məsələsidir. Tramp ABŞ-nin Ukraynaya hərbi yardımını dəfələrlə tənqid etmişdi. O, münaqişəni cəmi 24 saata həll edəcəyini də iddia etmişdi. Yaxın Şərq məsələsində (Qəzza və Livan) də Tramp sülh tərəfdarı kimi çıxış edir. Ancaq bütün bunlara necə nail olacağı sual altındadır. Misal üçün, Rusiya və Ukrayna hansı şərtlər altında sülh bağlayacaq? Hər iki tərəfin razı qaldığı bir çərçivə tapmaq mümkündürmü? Bunlar heç də asan suallar deyil, ancaq hər bir halda Tramp diplomatiyası maraq doğurur.

Tramp haqqında istintaq aparan prokuror Smiti vəzifəsindən kənarlaşdıracağı və 2021-ci ildə baş verən Konqres basqınında həbs edilənləri əfv edəcəyini də vəd etmişdi. Bu vədlərin taleyi də insanları düşündürür.

Bir sözlə, prezident Trampın qarşısında həm daxili, həm də xarici siyasətlə bağlı ciddi problemlər dayanır. O, keçən prezidentlik dövründən daha güclü mövqedədir. Bu mənada onun fəaliyyəti təkcə ABŞ əhalisi üçün deyil, eləcə də bütün dünya üçün son dərəcə əhəmiyyətlidir.