ABŞ Senatındakı Demokratlar Partiyasının üzvləri prezident Donald Trampı Rusiyaya qarşı sanksiyaları dayandırmaqda və Moskvaya təzyiqləri azaltmaqda ittiham etdikləri hesabat dərc ediblər.
NOCOMMENT.az bildirir ki, bu barədə The Washington Post (WP) yazır.
“Tramp administrasiyasının Bayden dövründə Rusiya iqtisadiyyatını hədəf alan sanksiyalara məhəl qoymaması Kremlə öz ordusunu yenidən qurmağa və Ukraynada münaqişəni davam etdirməyə imkan verib”, – hesabatda deyilir.
Sənədin müəllifləri Trampı münaqişənin ilk üç ili ərzində yaradılmış sanksiya rejimini genişləndirməməkdə günahlandırırlar ki, bu da onların fikrincə, ABŞ-ın Moskvaya qarşı gələcək təhdidlərinin effektivliyinə xələl gətirir.
Tramp bundan əvvəl 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik tariflər tətbiq edəcəyini vəd etmişdi .
İyulun 28-də ABŞ prezidenti Rusiyanın Ukrayna ilə bağlı razılığa gəlməsi üçün müddəti 10-12 günə endirdiyini bildirib. “Daha gözləməyin mənası yoxdur. Sadəcə, bu məsələdə heç bir irəliləyiş görmürük”, – o, qərarını şərh edib.