“Tramp və Putinin görüşünün Bakıda gerçəkləşməsi ehtimalı var. Çünki, nəzərə almaq lazımdır ki, əvvəlki illərdə Azərbaycan həmişə neytral bir ərazi kimi müxtəlif səviyyəli görüşlərə ev sahibliyi edib. NATO və Rusiyanın qərargah rəisləri arasında keçirilən görüşlər də paytaxtımızda həyata keçirilib. Amma görüşün Bakıda keçirilməsi ilə bağlı hələki dəqiq bir söz demək olmaz”.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
“Rusiya-Ukrayna müharibəsində pozitiv geri dönüşlər əldə etmək Trampın əsas məqsədlərindən biridir.
Donald Tramp hələ prezident seçilməmişdən əvvəl verdiyi vədlər və bəyanatlarda ABŞ-ın prezidenti seçiləcəyi təqdirdə Rusiya-Ukrayna arasındakı savaşa son qoyacağını söyləmişdi.
Rusiya-Ukrayna müharibəsində bir nəticənin və anlaşmanın əldə edilməsi ehtimalı çoxdur.
İşğal edilmiş ərazilərin geri qaytarılmayacağı müddətdə hansısa anlaşma və razılaşmanın əldə edilməsi mümkün görünmür, amma, indiki məqamda Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs rejiminin əldə edilməsi və ya şərti sakitliyə riayət edən müqavilələrin bağlanması ehtimalı yüksəkdir.
Azərbaycan ümumiyyətlə dünyada savaşların olmasını istəmir. Biz həmişə istəmişik ki, ölkələrarası münasibətlərin yaxşılaşdırılmasında öz vasitəçilik missiyamızdan yararlanaq.
Azərbaycan həm Rusiyaya, həm də Ukraynaya münasibətdə öz neytrallığını qoruyan ölkədir.
Azərbaycan vaxtilə işğalçıların işğalına məruz qaldığı üçün hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Azərbaycanın ölkələrarası münasibətlərə, konfiliktlərə yanaşması hər zaman beynəlxalq hüququn prinsip və normalarına uyğun olub.
Azərbaycanda keçirilən COP-29 ərəfəsində də Bakı bütün dünyaya müraciət edərək, dünyanı narahat edən “İqlim məsələləri”nin müzakirə edildiyi bir dövrdə anlaşılmazlıqları bir kənara qoymağı və silahlı toqquşmaları dayandırmağı söyləmişdi”.
Politoloq onu da qeyd edir ki, Azərbaycan Rusiya və Ukraynanın danışıqlarında, həmçinin, silahların yerə qoyulmasında uğurlu bir moderator qismində iştirak edə bilər.
Aişə Abdulova