ABŞ Prezidenti Donald Tramp İranın rəhbərliyində ciddi fikir ayrılıqlarının olduğunu və orada bir-biri ilə rəqabət aparan bir neçə qrupun mövcudluğunu bəyan edib. O, Tehranın hazırda saziş bağlamaq istədiyini, lakin təklif olunan şərtlərin onu qane etmədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, Tramp İranın ABŞ-ın qəbul edə bilməyəcəyi tələblər irəli sürdüyünü qeyd edərək, bəzi Avropa ölkələrini də tənqid atəşinə tutub. Prezident İtaliya və İspaniyanın İranın nüvə silahına sahib olmasına normal yanaşdıqlarını və bu mövqedən narazı olduğunu vurğulayıb. Eyni zamanda, Avropa İttifaqı ilə ticarət razılaşmasının şərtlərinin pozulduğunu əsas gətirərək, avtomobil və yük maşınlarına tətbiq edilən tarifləri artırdığını bildirib.
Daxili bazardakı vəziyyətə də toxunan Tramp, digər malların qiyməti düşsə də, benzinin hələ də baha olduğunu etiraf edib. Lakin o, proseslərin sonunda İranın nüvə silahından məhrum olduğu dinc bir dünyanın qurulacağına söz verib. Çıxışının sonunda isə İraqın yeni rəhbərliyinə toxunan Ağ Ev rəhbəri, hazırkı lideri ABŞ-ın tam şəkildə dəstəklədiyini bəyan edib.
Sara










