ABŞ Prezidenti Donald Trampın davamlı sülhyaradıcı missiyası çərçivəsində regiona diqqət ayırması, xüsusilə də dünyada münaqişə ocaqlarının hələ də alovlanmaqda olduğu bir zamanda Cənubi Qafqazda sülh və tərəqqinin təmin edilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.
Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri yenidən inkişaf mərhələsinə qədəm qoymaqla enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt, texnoloji infrastruktur və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına geniş imkanlar açılacaq:
“İki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun təsis edilməsinə dair müvafiq sənədin imzalanması, 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi İlham Əliyevin son dərəcə uğurlu xarici siyasət kursunun təntənəsi olaraq qiymətləndirilməlidir.
Bu baxımdan, Vaşinqton səfəri Azərbaycan-ABŞ münasibətlərinin bir sıra vacib istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ən uğurlu səfərlərdən biri kimi tarixə düşəcək. Prezident İlham Əliyevin sülh gündəliyi ilə çıxış etməsini nəzərə alaraq, Vaşinqton səfərinin regionun gələcək inkişafında yeni bir mərhələnin başlanmasına əhəmiyyətli töhfə verəcəyini əminliklə söyləmək olar”.
Z.Şükürov bildirib ki, Donald Trampın Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir:
“Bu baxımdan, Trampın qlobal miqyasda sülhün təmin edilməsi istiqamətində atdığı addımları nəzərə alaraq, onun namizədliyinin Nobel Sülh Mükafatına təqdim edilməsi məqsədilə Azərbaycan və Ermənistanın birgə müraciət ünvanlanması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən təklif səsləndirilməsi xüsusilə diqqətçəkən məqamdır.
Məlumdur ki, belə nüfuzlu beynəlxalq mükafatlar yalnız dayanıqlı sülhə real töhfə vermiş liderlərə təqdim edilməlidir və istər Prezident Tramp, istərsə də digər beynəlxalq aktorlar dünyada gərginliyin azaldılmasına və dialoqun təşviqinə yönəlmiş əhəmiyyətli addımlar atdıqda obyektiv şəkildə qiymətləndirilməlidir. İnanırıq ki, Trampın Azərbaycan-Ermənistan normallaşma prosesində və iki ölkə arasında dayanıqlı sülhün təmin edilməsində rolu və səyləri, habelə bununla bağlı Azərbaycan və Ermənistanın birgə müraciətləri nəzərə alınmaqla Nobel Sülh Komitəsi ədalətli qərar qəbul edəcək”.