“Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan “Trendyol”un Azərbaycana məhsulları çatdırma qiymətlərini qaldırdığı bildirilir.
Hətta onlayn alış-veriş edən istehlakçılar çatdırma qiymətinin geyimin öz qiymətindən yüksək olduğunu deyirlər.
“Fikrimcə, “Trendyol”da çatdırma xərclərinin artırılması dizel yanacağının bahalaşması ilə əlaqədardır. Dizelin qiymətinin qaxması “Trendyola”da öz təsirini göstərib”.
NOCOMMENT.az xəbər verir ki, bunu bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, dizelin qiymətinin artması anbarlara yüklərin daşınması, çatdırılmasının maya dəyərini də yüksəldir:
“Böyük ehtimal ki, çatdırılma xərclərinin qəfildən artması bununla bağlı bir məsələdir. Çünki Türkiyə ərazisində çatdırma qiymətləri dəyişməyib”.
Natiq Cəfərlinin fikrincə, qiymət artımı ilə bağlı qərar “Trendyol”un müştərilərini itirməsinə səbəb olacaq:
“Qiymətlər bahalaşdıqca insanlar “Trendyol”dan istifadə etməyəcəklər. Daha ucuz onlayn satış platformasına yönələcəklər”.
İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, yaxın gələcəkdə ölkə daxilində alış-veriş etmək daha sərfəli olacaq, nəinki sifariş vermək. Onun fikrincə, bir neçə il əvvəl eyni məhsulun xaricdən sifariş edilməsi indiki ilə müqayisədə daha sərfəli idi:
“Maya dəyərinə baxsaq, indi həmin məhsulun ölkədən alınması ilə xaricdən gətirilməsi arasında elə böyük fərq görmərik. Belə olan halda onu yerli mağazalardan almaq xaricdən sifariş etməkdən daha sərfəlidir. Get-gedə xarici bazarlarda təklif olunan malların onlayn sifarişi ilə onların yerli bazardan əldə edilməsinə xərclənən pul arasında elə ciddi fərq olmayacaq”.