Tural Abbaslı: Köhnə başçılarda vicdan, yenilərdə isə bacarıq yoxdurbackend

Tural Abbaslı: Köhnə başçılarda vicdan, yenilərdə isə bacarıq yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Gəncə İcra Hakimiyyətinin qarşısında şəhid anasının həblər içərək intihara cəhd edib. Daha sonra qazilərin müəyyən problemlərlə bağlı yolu bağlaması, hətta polisə aparılmaları barədə xəbərlər yayıldı.
 
Bəs bu problemlərdə məsuliyyəti kimlər daşıyır? Vətəndaşlar niyə icra hakimiyyətlərindən, dövlət qurumlarından narazıdırlar?
 
Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı NOCOMMENT.az -a bildirib ki, burada icra hakimiyyətlərinin şəxsi göstəriciləri, siyasi karyeraları, haradan gəldikləri, kimlər vasitəsilə o posta layiq görüldükləri, bu günə qədərki fəaliyyətləri çox önəmli rol oynayır:
“Bu insanlar bu günə qədər xalqa xidmət anlayışında olmayıblar. Xalqın xidmətində durmaq üçün yox, öz şəxsi mənafelərini təmin etmək üçün təyin edilən insanlardır. Dünənə qədər də belə intiharlar, etirazlar olub. Sadəcə olaraq mediada ona görə bu qədər işıqlandırılmayıb ki, o insanlar şəhid anası, qazi, veteran olmadığı üçün o qədər də diqqətə alınmayıblar. Belə vətəndaşları yerli icra orqanları belə ciddiyə almırdılar, bir çox hallarda “qərəzlidir, yalançıdır və yaxud təxribat” adı altında rahat yola verirdilər”.
Partiya sədri qeyd edib ki, bu gün Vətən Müharibəsindən sonra yeni sosial təbəqə yaranıb:
“Yəni onlar şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçılarıdır. Lakin bu insanlara icra hakimiyyətləri adi şikayətçilər kimi yanaşır. Necə ki adi vətəndaş müraciət edir, bunlar da onu yola verir, şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına da eyni qayda ilə yanaşırlar.
Şəhid anası intihar edir, veteran özünü yandırmağa çalışır, qazilərimiz hansısa problemin həll olunmamasına görə yolu bağlayır və bunlar da mediada yayılandan sonra məlum olur ki, sən demə, icra hakimiyyətləri işləmirmiş. Məsələ icra hakimiyyətlərinin şəxsi keyfiyətlərindən, idarəetmə qabiliyyətindən, kobudluğundan xəbər verir. Eyni ilə bu söylədiklərim bələdiyyələrə, nazirliklərin strukturlarına da aiddir. Təkcə icra hakimiyyətləri deyil ki, onlar nazirliklərin də qəbuluna düşə bilmirlər. Nazirlər də onların problemini həll etmir. Bu, sistemin siyasi səhvdir deyə düşünürəm. Çünki bu insanlar xalqa xidmət səviyyəsində özlərini yetişdirməyiblər. Bunlar öz vəzifələrini, kreslolarını, öz ciblərini düşünərək bəlli bir yerə gələn insanlardır. Bir icra başçısı 20-25 il müxtəlif rayonlarda eyni vəzifədə necə işləyə bilər? Sistemə yeni icra başçıları qəbul olunmur. Son zamanlar bir-iki nəfər seçilib, onlar da təbii ki, işin öhdəsindən gələ bilmirlər”.
Partiya sədri vurğulayıb ki, bunun qarşısını almaq üçün köklü islahatlar olmalıdır:
“Yəni təsadüfi insanlar vəzifələrə təyin olunmamalıdır. Bunlar sistemin yanlışlıqlarıdır. Amma ən azından çıxış yolu kimi mən deyə bilərəm ki, ilkin mərhələdə şəhid ailələri, qazilər, veteranlarla bağlı iş üzrə dövlət protokolu qəbul olunmalıdır.
Vicdanlı icra hakimiyyəti vətəndaşı, şəhid ailəsini qəbul edir, problemin həllinə çalışır, hətta vəsait olmayanda cibindən nəsə etməyə cəhd edir. Vicdanı olmayanda ümumiyyətlə, qəbul etmir və yaxud da deyir, vəsait yoxdur, kömək edə bilmərik. Bir, sözlə bu məsələdə vahid protokol qəbul olunsa, ki hansı addımlar atılmalıdır, şikayət necə qəbul olunmalıdr və hansı ünvana yönlındirilməlidir. Bu daha faydalı olar”.
Bakupost