Türk Dövlətləri Təşkilatı (TDT) dünyanın ən önəmli birliklərindən birinə çevrilir.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay deyib.
O qeyd edib ki, TDT çərçivəsində bir ay ərzində iki dəfə görüş baş tutub:
“Bu ayın əvvəlində Şimali Kiprdə görüş oldu (TDT Ağsaqqallar Şurasının 17-ci Toplantısı), daha sonra isə Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu ardıcıllığın əsas səbəbi ötən həftələrdə Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya Sammitindən sonra Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi türk dövlətlərinin Cənubi Kiprlə əlaqələrini artırma qərarına reaksiya göstərmək idi”.
Müsahib hesab edir ki, TDT Ağsaqqallar Şurasının iclası Avropa İttifaqının təzyiqi ilə yaranan havanı Kipr türkləri lehinə çevirmək üçün Şimali Kiprdə təşkil edilib.
“Macarıstanda isə Avropa İttifaqına qarşı bir güc nümayişi şəklində Türk Dövlətlər Təşkilatının toplanmasına qərar verildi. Türk Dövlətlər Təşkilatının işləkliyini itirdiyinin iddia edildiyi bir vaxtda əvvəlcə Kiprdə, sonra Budapeştdə tədbirlərin təşkil edilməsi, əslində, TDT-nin təsirinin getdikcə artdığını göstərmək baxımından son dərəcə əhəmiyyətlidir”,- professor əlavə edib.H.Oktay vurğulayıb ki, Macarıstan görüşü Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi fonunda girişdiyi rəqabətdə Türkiyənin Avropa üçün nə qədər əhəmiyyətli olduğunun göstərilməsi baxımından böyük mesajlar verib:
“Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu toplantıda Kiprlə bağlı açıqlaması ilə bir növ Avropa İttifaqının Səmərqənd görüşünə cavab verilmiş oldu. Türkiyə və TDT Avropa İttifaqının təhlükəsizlik və hərbi ehtiyacları qarşılayacağını da Macarıstan toplantısı ilə açıq şəkildə ortaya qoydu”.
Həmsöhbətimizin sözlərinə görə, Türkiyə bundan sonrakı prosesdə Cənubi Kiprin artıq Aİ-nin çiynində bir iqtisadi yük olmaqdan çıxmasını, Kipr Türk Respublikasına daxil olmasını və 12 adanın Türkiyəyə verilməsini tələb edəcək:
“Bununla yanaşı, Rusiya-Ukrayna böhranının həll masası olaraq İstanbulun nəzərə alındığı bir şəraitdə Türkiyə Krımla bağlı ən azından zəmanətçi statusunu gündəmə gətirəcək. Bunun üçün də TDT-nin tez-tez toplanması və dünyaya deyəcəyi sözünü hər fürsətdə ifadə etməsi vacibdir, çünki təşkilat artıq dünyanın ən önəmli birliklərindən birinə çevrilir”.