“Aradakı münasibətlərin bəzən gərginləşib sabitləşməsinə baxmayaraq Türkiyə ilə İsrail arasında xüsusi əməkdaşlıq var. Tarixin bütün dövrlərində onların kəşfiyyat idarələri bir-birilə məlumat bölüşüb, lazım olduqda görüşürdülər. Eyni zamanda Azərbaycanla Türkiyə arasında hərbi strateji əməkdaşlıq mövcuddur”.
Bunu NOCOMMENT.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Politoloqun sözlərinə görə istər ordu istər müdafiə qabiliyyəti istərsə də kəşfiyyat xidmətlərində Türkiyə və İsrail arasında güclü işbirliyi var. “Eyni məsələni İsrail və Azərbaycan üçün də demək olar. Çünki İsrail Azərbaycana terrorizmə qarşı kömək edir, Azərbaycan İsrailin təhlükəsizliyinə qarşı baş verə biləcək potensial təhlükələrin qarşısının alınmasına iştirak edir. Bu şəkildə Azərbaycanla İsrail arasında da bir təhlükəsizlik arxitekturası mövcuddur. Beləliklə burada bir üçbucağı formalaşır və xüsusilə Türkiyə ilə İsrail arasında münasibətlər yenidən normallaşmasında Azərbaycanın da rolunu qeyd etmək lazımdır. Bu üçbucaqda İsrail də, Azərbaycan da Türkiyə də maraqlıdır. Hər kəsin əlbəttə ki, bu istiqamətdə fərqli və ortaq düşüncələri var”.
T. Rzayev bildirib ki, bu təhlükəsizlik arxitekturası gələcəkdə başa dövlətlər üçün də maraqlı olacaq. “Məsələn Səudiyyə Ərəbistanı və BƏƏ bəzən Türkiyəyə qarşı düşmən münasibət bəsləyə, Türkiyə əksinə fəaliyyət göstərə, bəzən hətta Azərbaycan əleyhinə də fəaliyyət göstərə bilərlər. 44 günlük vətən müharibəsindəki media müharibəsi olsun, BMT səsverməsində BƏƏ -nin çıxışları və sair olsun. Ancaq bu ölkələr də təhlükəsizlik məsələsində həm İsraillə əməkdaşlıq etməyə çalışır həm də Türkiyənin artan gücü və nüfuzu səbəbilə bölgədə İrana qarşı müdafiə vasitəsi kimi Türkiyəni görürlər. Ona görə də bu ölkələr də təhlükəsizlik sxeminə qatılmağa hazırdırlar. Səudiyyə Ərəbistanının türkiyəli və israilli generallarla eyni vaxtda Azərbaycana səfər etməsi bunu deməyə əsas verir”.
Politoloq sonda qeyd edib ki, Misir də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. Eyni zamanda İsraillə təhlükəsizlik sahəsində xüsusi əlaqələri var. “Misir prezidentinin Bakıya səfəri də təsadüf deyildi. Beləliklə Misir, Səudiyyə Ərəbistanı da Azərbaycan, Türkiyə və İsrailin təşkil etdiyi bu təhlükəsizlik arxitekturasında iştirak etməyə maraqlıdırlar”.