Türkiyə Mərkəzi Bankı ölkədə etirazlar və milli valyutanın çökməsi fonunda lirəni dəstəkləmək üçün üç gündə 25 milyard dollar satıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru yazır.
Nəşrin məlumatına görə, hökumət rəsmiləri – maliyyə naziri Mehmet Şimşək və Karahan ötən həftə baş verən siyasi təlatümlər fonunda xarici investorları sakitləşdirmək üçün bu yaxınlarda videokonfrans keçiriblər. Mərkəzi Bank rəhbərinin orada verdiyi məlumata görə, martın 19-da, 20-də və 21-də bazarda müvafiq olaraq 10,3 və 12 milyard dollar satılıb.
Mərkəzi Bank artıq hadisələrin ikinci günündə vəziyyətin sabitləşməsinə yönəlmiş tədbirlərdən biri kimi valyuta satışından istifadə edildiyini bildirib. Digər fövqəladə tədbirlərlə yanaşı, Mərkəzi Bank overnayt kreditləşmə dərəcəsini iki faiz bəndi artıraraq 46 faizə yüksəltdiyini açıqlayıb.
Şimşək də öz sözünü deməyə məcbur olub. “Həyata keçirdiyimiz iqtisadi proqram qətiyyətlə davam edir” deyən o, hakimiyyət orqanlarının “bazarların sağlam işləməsini” təmin etmək üçün tədbirlər gördüyünü bildirib.
Ötən çərşənbə günü 2027-ci il prezident seçkilərində müxalifətin əsas namizədi hesab edilən İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə həbsindən sonra lirənin dəyəri on faizdən çox ucuzlaşıb. Pik vaxtında dollar 41,1 lirəyə qalxıb, hazırda onun dəyəri 38 civarındadır.
Türkiyə hakimiyyəti korrupsiyada və bir sıra digər cinayətlərdə ittiham olunan ölkənin ən böyük şəhərinin başçısına qarşı işlərdə hər hansı siyasi motivi inkar edir. Onlar İmamoğlunun ortaq sahibi olduğu “İmamoğlu İnşaat” tikinti şirkətini də ələ keçirərək dövlət nəzarətinə veriblər.
Bu arada respublikada etirazlar səngimək bilmir. Həbs olunan şəxsin tərəfdarları xüsusilə ölkənin iri şəhərlərində fəaldırlar. Belə ki, martın 25-nə keçən gecə etirazçılar İstanbulda əsas körpülərdən birini bağlamağa cəhd ediblər.