Türkiyə Silahlı Qüvvələri 2024-cü il yanvarın 1-dən oktyabrın 10-dək bölgədə 2149 terrorçunu məhv edib, onlardan 1113-ü Şimali İraqda, 1036-sı isə Suriyanın sərhəd bölgələrində zərərsizləşdirilib.
NOCOMMENT.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Nazirlik qeyd edib ki, təkcə son bir həftə ərzində bölgədə 42 terrorçu zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bildirib ki, İraqın şimalındakı “Pençe-Kilit” və “Pençe-Yıldırım” bölgəsindəki antiterror əməliyyatları aparılan ərazidə axtarışlar zamanı çoxlu sayda silah-sursat anbarı və mağara aşkar edilib.
Suriyadakı vəziyyətə toxunan Aktürk qonşu ölkədə sabitliyin tezliklə təmin edilməsi məsələsində Ankaranın mövqeyinin dəyişməzliyini vurğulayıb. O əlavə edib ki, bu, qaçqınların öz doğma torpaqlarına təhlükəsiz qayıtmasına şərait yaradacaq.
Aktürk qeyd edib ki, Livanda növbəti gərginlik fonunda Türkiyə sərhədlərinə böyük qaçqın axını qeydə alınmayıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Türkiyə vətəndaşlarının böhran zonasından çıxarılması üçün Livana yeni təyyarə və hərbi gəmilər göndərməyə hazır olduqlarını bildirib.