Türkiyə parlamenti gələn həftənin sonuna qədər İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər.
Bu barədə NOCOMMENT.az CNN Türk kanalına istinadən xəbər verir .
Telekanalın məlumatına görə, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol “gələn həftənin sonuna qədər Türkiyə parlamentinə təqdim olunacaq və təsdiqlənəcək”.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq iyulun 10-da demişdi ki, Türkiyə hakimiyyəti Vilnüs sammiti ərəfəsində İsveçin Şimali Atlantika Alyansına daxil olmasının ratifikasiyası məsələsini ən qısa zamanda nəzərdən keçirəcəklərini əmin edib.
O əlavə edib ki, Stokholm Ankaranın İsveçin bloka üzvlüyünün ratifikasiyasına vetosunun götürülməsi müqabilində Türkiyə və Aİ-nin gömrük ittifaqının modernləşdirilməsi proseslərinə, vizasız rejim üzrə danışıqlara yardım edəcəyinə söz verib .
İsveç keçən il Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib və Türkiyə və Macarıstan istisna olmaqla, bütün NATO üzv dövlətləri tərəfindən ratifikasiya olunub.
Ankara Stokholmun Türkiyənin terror qrupları hesab etdiyi kürd qruplaşmalarına sığınacaq verdiyinə inandığı üçün ölkənin alyansa daxil olmasını əngəlləyib.