“Türkiyə təyyarəsinin qəzası çox üzücü bir hadisədir. C-130 dörd mühərrikli, güclü hərbi nəqliyyat təyyarəsidir və dünyanın bir çox ölkəsində istifadə olunur. Bu tip təyyarələr texniki sınaqlardan keçmiş olur. Qəzalar isə əsasən hava şəraiti, texniki nasazlıq və ya pilot səhvi nəticəsində baş verir, bu, beynəlxalq praktikada da belədir”.
NOCOMMENT.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, artıq qara qutu tapılıb və Türkiyədə müvafiq komanda onun üzərində işləyir:
“Hadisə baş verən an təyyarə dərhal hava hərəkətinin idarəetməsi orqanlarına məlumat verib. Təyyarə o zaman Gürcüstanın hava məkanında olduğuna görə, ilkin açıqlamanın da onlar tərəfindən verilməsi gözləniləndir”.
Ekspert bildirib ki, hazırda Türkiyədə güclü bir komanda hadisənin araşdırılması ilə məşğuldur:
“Sosial mediada yayılan fikirlərin isə çox zaman dəqiq olmadığını nəzərə almaq lazımdır. Ona görə də rəsmi nəticələri gözləmək ən doğru yanaşmadır”.
Qeyd edək ki, Türkiyə təyyarəsinin qəza səbəbi ilə bağlı bir sıra fərziyyələr irəli sürülür ki, bunlardan biri də, pilotun siqnal ötürə bilməməsi fikridir.













