Türkiyə və İsraildən kritik həmlə: “Bu, Azərbaycan üçün xoş xəbərdir” – Müsahibəbackend

Türkiyə və İsraildən kritik həmlə: “Bu, Azərbaycan üçün xoş xəbərdir” – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail Yaxın Şərqdə həlledici mövqeyə malik strateji bir ölkədir. Əlbəttə düşmən münasibətlər tərəflərdən heç birinin maraqlarına cavab vermir. Bu maraqların obyektiv şəkildə təhlil edilərək, problemlərdən çıxış yolunun tapılmasının zamanı gəlib çatıb. Söhbət üçüncü qüvvələrin İsrail-ərəb gərginliyindən təzyiq elementi kimi istifadə etməsindən gedir. Bu yaxınlaşma həmin üçüncü qüvvələrin bu təzyiq alətlərindən məhrum olmasına gətirib çıxara bilər”.

NOCOMMENT.az Politoloq Vüqar Zifəroğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir:

– İsrail və ABŞ Hərbi Dəniz Qüvvələri sualtı və döyüş gəmilərini Bəsrə körfəzinə göndərib. İranın siyasi çevrələri bunun ölkələrinə qarşı həmlə olduğunu iddia edirlər. Digər yandan, İsrailin baş qərargah rəisi hansısa addımın atacağı halda İrana sərt cavabın veriləcəyini bildirib. Yəni qarşılıqlı ittihamlar kifayət qədər sərtdir. Sizcə, baş verənlər hansı gəlişmələrə yol aça bilər?

– Mütəmadi olaraq, tərəflərdən Bəsrə körfəzi ilə bağlı diplomatik gərginliklərlə müşahidə olunan addımların atılmasının şahidi oluruq. İrandan da Qərbi və ya İsraili qıcıqlandıracaq addımlar atılır. Təxminən bir il əvvəl İran hədələyirdi ki, körfəzə girişi bağlaya, yaxud oradakı hərbi kontingentini artıra bilər. Bu baxımdan, baş verən son gəlişmələri İrana qarşı əks-cavab kimi qiymətləndirmək olar. Amma indiki məqamda istər Bəsrə körfəzində, istərsə də bölgənin digər istiqamətlərində İsrail və ya ABŞ-ın İranla birbaşa ciddi qarşıdurmaya girəcəyini istisna edirəm. Bu, inandırıcı görünmür.

Nəzərə almaq lazımdır ki, İranda qarşıdan seçkilər gəlir, ABŞ-ın özü də hazırda keçid dönəmindədir. Seçkilərin rəsmi nəticələr elan edilsə də, Bayden hələlik səlahiyyətlərinin icrasına başlamayıb, bu, yanvarın 20-dən sonra olacaq. Bunları nəzərə alanda deyə bilərik ki, baş verənlər diplomatik gərginlikdən o tərəfə keçməyəcək. Amma istisna etmək olmaz ki, İran Yaxın Şərqin başqa nöqtələrində addımlar atmaqla buna cavab verməyəcək. Söhbət Yəmən, Livan və Suriyadan gedir. İran hələ də bu ölkələrdəki təsir rıçaqlarını əlində saxlayır.

Vüqar Zifəroğlu

– Donald Trampın mövqeyi bəllidir, bəs ABŞ-ın yeni Prezidenti Co Bayden İrana qarşı hansı xətti seçəcək?

– Bir sıra ekspertlər iddia edirlər ki, Bayden vəzifəsinin icrasına başladıqdan sonra ABŞ və İran arasındakı problemlər həllini tapacaq. Əslində bu yanlış mövqedir. ABŞ-ın 1960-70-ci illərdən başlayaraq, Yaxın Şərqlə bağlı müəyyən bir siyasi xətt seçib. Bu siyasi kursda hər bir ölkəyə münasibət konkret bir strategiyaya hesablanıb, o cümlədən də İrana. 1979-cu ildə baş verən İslam inqilabından sonra İrana münasibətdə dəyişməz bir strategiya formalaşıb və həyata keçirilir.

Əlbəttə ABŞ-da hakimiyyətlərin dəyişməsindən asılı olaraq, hansısa prezidentin dövründə İrana münasibətdə loyal yanaşmaların şahidi ola bilərik. Necə ki, Barak Obamanın dönəmində bunun şahidi olduq. Amma bu o demək deyil ki, geosiyasi hədəfləri kontekstində Amerikanın siyasi sistemi İrana münasibətdə köklü şəkildə dəyişəcək. Onu da nəzərə almaq lazımdır ki, hazırda İran daxilində baş verən proseslər gündəmdədir. Söhbət İranda insan haqlarının pozulmasından, müxtəlif etnoslara münasibətdə aşağılayıcı və diskriminativ addımların atılmasından gedir. Məlumdur ki, beynəlxalq təşkilatlar tərəfindən bununla bağlı saysız sənədlər qəbul olunub. Bunları nəzərə alanda deyə bilərik ki, Bayden dövründə də ABŞ-ın İrana qarşı həmlələri davam edəcək.

– Fərq nədən ibarət olacaq?

– Əgər Tramp bu həmlələri açıq və kəskin şəkildə edirdisə, Bayden administrasiyası bu addımları daha yumuşaq formada atacaq. Məsələn, ABŞ-ın yeni rəhbərliyi çalışacaq ki, Avropa Birliyi vasitəsilə İranı nüvə anlaşması (Vyana) masasına geri qaytarsın. Amerikanın özü də danışıqlara geri qayıtmaqda maraqlı olacaq. Çünki indi nüvə təhlükəsizliyi məsələsinə çox ciddi diqqət ayrılır. Bu, tərəflərdən hər birini düşündürən məsələdir. Əlbəttə bunun qarşılığında ABŞ-ın İrana şərtləri olacaq, amma bu başqa mövzudur. Amma indidən görünən budur ki, ən azı Vyana razılaşmasının yenidən bərpa edilməsi və tərəflərin bir masa arxasında əyləşməsi, İranın əvvəlcədən qəbul olunmuş sazişin şərtlərini yerinə yetirməsi ilə bağlı müəyyən addımların atılacağını gözləmək olar.

İranın öz daxilində də ciddi siyasi proseslər gedir, qarşıdan seçkilər gəlir. Bu seçkilər həm Qərbin İrana, həm də İranın Qərbə münasibətində növbəti addımların müəyyənləşməsində həlledici rol oynayacaq.

– İsrail və ərəb ölkələri arasında isti münasibətlər qurulur. Artıq Mərakeş İsraillə müqavilə imzalayıb, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı da əlaqələrin bərpasına loyal baxır. Ərəb dünyası ilə İsrail arasındakı düşmən münasibətlərə son qoyan əsas amillər hansılardır?

– Bilirsiniz, XXI əsrin öz reallıqları və şərtləri var. Pandemiya göstərdi ki, xüsusən də Yaxın Şərqdəki bir sıra problemlərin həlli əməkdaşlıq və danışıqlar masasına oturmaq tələb edir. Yaxın Şərqdəki bir sıra köklü problemlərin bu bölgədən kənardakı qüvvələr üçün bir alət kimi istifadə edildiyi həqiqəti ortada idi. Bu mənada, İsrail və ərəb ölkələri arasındakı yaxınlaşma doğru və müsbət bir haldır. Bu, istər həmin problemlərin müzakirəsi, istərsə də mərhələli həlli baxımından müsbət irəliləyişdir.

Hesab edirəm ki, İsrail Yaxın Şərqdə həlledici mövqeyə malik strateji bir ölkədir. Əlbəttə düşmən münasibətlər tərəflərdən heç birinin maraqlarına cavab vermir. Bu maraqların obyektiv şəkildə təhlil edilərək, problemlərdən çıxış yolunun tapılmasının zamanı gəlib çatıb. Söhbət üçüncü qüvvələrin İsrail-ərəb gərginliyindən təzyiq elementi kimi istifadə etməsindən gedir. Bu yaxınlaşma həmin üçüncü qüvvələrin bu təzyiq alətlərindən məhrum olmasına gətirib çıxara bilər. Buna görə də, tərəflər arasındakı yaxınlaşmanın davam edəcəyini düşünürəm. Görünən də budur ki, ərəb ölkələri bir-bir İsraillə anlaşırlar və dialoqa başlayırlar. Bu, bölgə və dünya üçün müsbət irəliləyişlərdir.

– Bəs Türkiyə-İsrail münasibətlərini nə gözləyir? Bu yöndə də müsbət siqnallar gəlməyə başlayıb.

– Osmanlı dönəmindən başlayaraq, İsrail və Türkiyə arasında isti münasibətlərin şahidi olmuşuq. Hətta yəhudilər orta əsrlərdə Avropada diskriminasiyalara, təqiblərə, ədalətsiz məhkəmə qərarlarına məruz qaldıqları zaman nicatı Osmanlı İmperiyasında tapıblar. İsrailli tarixçilər bunu hər zaman öz kitablarında qeyd ediblər.

Hesab edirəm ki, İsrail-Türkiyə yaxınlaşması da çox ciddi və müsbət məqamdır. Azərbaycan da bunu müsbət məqam kimi qiymətləndirir. Çünki hər ikisi bizə çox yaxın ölkədir. Türkiyə qardaş ölkədir, İsrail bizim çox yaxın, strateji müttəfiqimizdir. Həmişə İsrailin haqq davamıza diplomatik, əməli və praktiki dəstəyinin şahidi olmuşuq. Bu mənada, bizim üçün dəyərli olan iki ölkə arasındakı yaxınlaşma Azərbaycan üçün xoş xəbərdir, sevindirici haldır.

Yaxın və orta perspektivdə Türkiyə və İsrail arasında yaxınlaşmanın da şahidi ola biləcəyik. Hətta Aralıq dənizinin şərqindəki gərginlikdə İsrailin Türkiyəyə müsbət referansları da oldu. Hətta Qərb, xüsusən də Yunanıstan İsraili bölgədəki gərginliyə cəlb edərək Türkiyə ilə üz-üzə qoymağa çalışdı. Amma İsrail düşünülmüş addımlar atdı və Türkiyə ilə konfliktə getmədi. Yunanıstan İsrailə təklif etdi ki, müqavilə imzalayaraq Türkiyə ilə gərginliyə səbəb olan adaları bir müddət üçün götürsün. Amma İsrail bundan imtina etdi. Bu, Türkiyəyə yönəlik bir müsbət məqam idi. Çünki adalar mabahisəli ərazilərdə yerləşir. İsrail bununla Türkiyə ilə qarşıdurmaya getməkdə maraqlı olmadığını ortaya qoymuş oldu.