Türkiyənin İzmir vilayətinin üç müxtəlif bölgəsində meşə yanğınları ilə mübarizə davam edir.
NOCOMMENT.az xəbər verir ki, yanğınlar vilayətin Karşıyaka, Kemalpaşa və Çeşmə rayonlarında baş verib.
İzmir valisi Süleyman Elban yanğınsöndürmə işləri ilə bağlı son məlumatları açıqlayıb. Vali deyib ki, hazırda bölgədə küləyin sürəti saatda 80 kilometrə çatıb. Bu səbəbdən havadan müdaxilə vaxtaşırı dayandırılır. Karşıyaka rayonunda bir kənd və bəzi evlər boşaldılıb. Bu gün səhər saatlarına olan məlumata görə, bölgədə 6 yanğın olub, onlardan 5-i söndürülüb.
Kemalpaşa rayonundakı yanğın da küləyin təsiri ilə geniş əraziyə yayılıb. Bölgəyə xilasedici, səhiyyə və jandarma qrupları cəlb edilib.
Daha bir yanğın Çeşme rayonunda baş verib. Yanğına 6 təyyarə, 1 helikopter və xüsusi texnika ilə müdaxilə edilir.
Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyindən verilən açıqlamada ölkənin bütün aidiyyəti qurumlarının bölgəyə səfərbər edildiyi bildirilir.