Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu CNN Türk-ə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin inşası 2030-cu ilə qədər yekunlaşdırılacaq.
NOCOMMENT.az xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyə Orta Dəhlizin əsas halqalarından biridir, lakin hazırda istənilən həcmdə yükdaşıma həyata keçirmək mümkün olmur. “Bakı, Tbilisi və Xəzər dənizi üzərindən keçən marşrutlar vasitəsilə bu potensialı hər gün artırırıq. Zəngəzur dəhlizi də ötürmə qabiliyyətinin artmasına ciddi töhfə verəcək”, – Uraloğlu bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq.
Nazirin sözlərinə görə, Azərbaycan hazırda Naxçıvandan Ermənistan sərhədinə qədər dəmir yolu xətti çəkir. “Horadizdən Bakıya qədər olan hissə demək olar ki, tamamlanma mərhələsindədir. Bu marşrutdan həm dəmir yolu, həm də avtomobil nəqliyyatı istifadə edəcək”, – Uraloğlu vurğulayıb.













