Son illər zərərli həşərat yayılmaqdadır ki, bu da təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün dünya üçün problemə çevrilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinin professoru, bitki mühafizəsi üzrə mütəxəssis İsmayıl Karaca “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Bakıda keçirilən “İnteqrir Bitki Mühafizəsi çərçivəsində Azərbaycanda Dayanıqlı kənd təsərrüfatı və bitki istehsalı” mövzusunda təlimdə bildirib.
Onun sözlərinə görə, zərərvericilərin aktivliyi qlobal istiləşmə fonunda artmaqdadır: “İqlim dəyişikliyi bu gün bəşəriyyətin üzləşdiyi ən mühüm ekoloji problemlərdən biridir. Araşdırmalara görə zərərvericilər 10 ildən bir 6,1 km şimala doğru hərəkət edir. Temperaturun artması həşəratlara təsir edir, onların fəallığı və zərərvericiliyi daha da artır. Bir sıra ölkələr buna hazır deyil. Odur ki, bütün ölkələr həşəratlarla mübarizədə birgə çalışmalı, ortaq təşəbbüslər həyata keçirməlidirlər. Bu həşəratlar bitki sağlamlığını zədələyir”.
Professor əlavə edib ki, Türkiyə dünyada pomidor istehsalına görə 4-cü, ixracına görə isə 3-cü yerdə qərarlaşsa da, ötən il zərərvericilər bu sahədə əhəmiyyətli problemlərə səbəb olublar, istehsala zərər veriblər.
“Kənd təsərrüfatı sektoru insanları qida ilə təmin edir. Bu sahə ölkəyə valyuta gətirir. Buna görə də zərərvericilərlə aktiv mübarizə aparmaq lazımdır. Bu sahədə İspaniya önəmli mübarizə mexanizmlərindən istifadə edir. Bu, bioloji mübarizə üsuludur. Bununla həm zərərvericilər məhv edilir, həm də bitkilərin sağlamlığı qorunur. Avropada bu, geniş yayılmağa başlayıb. Bunun da əsas səbəbi istehlakçıların tələbləridir. Onların sağlam qida tələbləri istehsalçıları daha sağlam mübarizə yolunu seçməyi təşviq edir”, – deyə o əlavə edib.