Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ – ŞƏRHbackend

Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana səfərə gəlib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, iki ölkə liderlərinin qarşılıqlı səfərləri əvvəllər də olub. Ancaq Azərbaycan torpaqlarını işğaldan azad, suverenliyini bərpa etdikdən sonra bu, Qurbanqulu Berdiməhəmmədovun ilk səfəridir.

Sonuncu dəfə o, 2020-ci il martın 11-də Azərbaycana rəsmi səfər etmişdi. O zaman da Türkmənistanın məqsədi Azərbaycanla nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmişdi. Prezident İlham Əliyev və Türkmənistan lideri Xəzər dənizində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını bəyan etmişdilər.

Türkmənistan uzun illərdir təbii qazını Azərbaycan ərazisi vasitəsilə Avropaya çatdırmaq üçün Transxəzər boru kəmərinin tikintisi planları barədə bəyanatlar verirdi. Beş il öncə ABŞ Dövlət Departamentinin enerji resursları üzrə nümayəndəsi Natan Rayx Azərbaycanın rəsmi Vaşinqtonun Türkmənistan və Azərbaycan arasında enerji ixracı istiqamətlərindən istifadə ideyasını dəstəklədiklərini bildirmişdi:

“Azərbaycan, Gürcüstan, Türkiyə və bəlkə də Avropa Türkmənistandan təbii qaz istehlak edə bilərdi. Kondensatları dünya bazarlarına çatdırmaq üçün mövcud Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə etmək olar”.

Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş 2021-ci ilin yanvarında keçirilib. Həmin il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmışdı. Dövlət başçısı İlham Əliyev bunu tarixi sənəd adlandıraraq bildirmişdi ki, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır:

“Bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”.

Yeri gəlmişkən, 2017-ci il avqustun 8-də Bakıda Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

Prezident həmin videokonfransda iki ölkə arasında münasibətlərin müsbət dinamikasından danışaraq demişdi ki, son 3 ildə (2019-2021-ci illərdə) Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Onun sözlərinə görə, bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb:

“Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində (2021-ci ilədək-red.) 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir”.

Qurbanqulu Berdiməhəmmədov həmin görüşdə Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirmişdi ki, iki ölkə arasında nəqliyyat sahəsində də tərəfdaşlıq mühüm məsələdir:

“Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində fəal iş aparır. Türkmənistan və Azərbaycan həm də Xəzər dənizi–Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından biridir”.

Onun sözlərinə görə, Memorandumun imzalanması Xəzərdə iki ölkənin energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir.

Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Türk dünyası əlaqələri çərçivəsində də reallaşır. 2022-ci ildə Azərbaycan-Türkiyə-Türkmənistan formatının yaradılması buna örnəkdir.

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Üçtərəfli Zirvə Görüşünün keçirilməsi, əlaqələrin müxtəlif sahələr üzrə inkişafına yönələn altı sənədin imzalanması da Türk dünyası üçün mühüm hadisə sayılır.

Azərbaycan ilə Türkmənistan münasibətlərinin tarixi qədimdir. Azərbaycan türkləri ilə türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Türkmənlər Orta Asiya türkləri arasında milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın hesab olunur. Hər iki xalq türklərin oğuz boyundan sayılır. Hər iki xalqın milli qəhrəmanları, dastanları, dostları və düşmənləri eynidir.

Tərəflər arasında iqtisadi və mədəni əlaqələr keçmiş SSRİ dövründə formalaşıb. Türkmənistanın neft-qaz sahəsi üzrə strukturunu Azərbaycandan olan mütəxəssislər qurub.

Onu da qeyd etmək lazımdır ki, ölkələr arasında münasibətlərdə bir sıra xoşagəlməz hadisələr də olub. Xüsusən, Xəzərin hüquqi statusu və milli sektorların sərhədləri ilə bağlı Türkmənistanın nümayiş etdirdiyi mövqe bölgə ölkələri arasında narahatlıq yaratmışdı. Bundan başqa, Xəzər dənizində əməkdaşlıq, onun karbohidrogen ehtiyatlarının işlənməsi və xarici bazarlara çıxarılması məsələsində də Türkmənistanın qeyri-prinsipial mövqeyi bu ölkənin tərəfdaş mövqeyinə xələl gətirmişdi.

Ancaq zamanla dövlət başçılarının keçirdiyi ikitərəfli görüşlər nəticəsində bu kimi anlaşılmazlıqlar aradan qaldırılıb. Azərbaycan və Türkmənistan artıq strateji tərəfdaşdır.

Zəngin karbohidrogen ehtiyatlarına malik olan iki dövlət “açıq qapı” siyasətinə və karbohidrogen ehtiyatlarının nəqlinin şaxələndirilməsinə tərəfdar kimi çıxış edirlər. Hər iki ölkə enerji ehtiyatlarının işlənilməsi, emal edilməsi və satışı məsələləri barədə eyni mövqedədir.

Qeyd edək ki, 2024-cü ildə Türkmənistandan Azərbaycana ixrac 303,47 milyon dollar, Azərbaycandan idxal isə 80,24 milyon dollar təşkil edib. Bu o deməkdir ki, iki ölkə arasında ümumi ticarət həcmi 383,9 milyon dollar olub. 2023-cü ildə isə bu göstərici 738,9 milyon dollara təşkil etmişdi. Türkmənistan hələ də Azərbaycanın 15 ən böyük ticarət tərəfdaşlarındandır.

Bu isə ölkələr arasında ticarət dövriyyəsinin həcmini artırmaq üçün potensialın olduğunu təsdiqləyir.

Güman ki, səfər zamanı Türkmənistan qazının Azərbaycana ötürülməsi məsələsi də müzakirə olunacaq. Bir neçə il əvvəl Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcminin iki milyard kubmetrdən dörd milyard kubmetrə çatdırmaq barədə razılığa gəlmişdi.

Qurbanqulu Berdiməhəmmədov işğaldan azad edildikdən sonra Qarabağa səfəri gözlənilən Türkmənistanın yüksək vəzifəli ilk dövlət rəsmisidir. Bu da iki ölkə arasında münasibətlərdə yeni səhifələrdəndir. Azərbaycanın Qarabağda apardığı yenidənqurma və bərpa işlərində Türkmənistanın da töhfə verəcəyinə ümid edilir.

Azərbaycan -Türkmənistan əlaqələri Türk Dövlətləri Təşkilatının (TDT) da güclənməsinə təkan verə bilər. Türkmənistan bu təşkilatın hələ ki müşahidəçi üzvüdür. Bu münasibətlər onun TDT-də statusunun dəyişməsinə, birlikdə qlobal layihələrdə iştirakına yardım edər.

Azərbaycanla Türkmənistan arasında mədəni əlaqələr də mövcuddur. Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova həsr olunan yeni mahnısını təqdimatını keçirib. Onun türkməncə ifa etdiyi “Arkadağlı Sərdarımız” adlı mahnıya klip də çəkilib. Mahının sözləri Bibisara Məmmədovaya, musiqisi isə Yaqub Almazaya məxsusdur.

Klipin çəkilişləri Bakıda, montaj işləri isə Türkmənistanda həyata keçirilib. Gülyanaq Məmmədova indiyədək Türkmənistana rəsmi dəvətlə 12 dəfə səfər edib. Sənətçiyə iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Altyn Asyr” (“Qızıl əsir”) mükafatı təqdim olunub. Bu mükafat Türkmənistan Prezidentinin fərmanı ilə ölkənin inkişafında fəallıq göstərən şəxslərə verilir.

Azərbaycan Mərkəzi Asiya və Türk dünyası, yaxud Şərqlə Qərbin uğurlu birləşdiricisidir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun səfəri də bu istiqamətdə fəaliyyətin davamıdır.