Uduzduğum braziliyalı dedi ki, sən mənim kumirimsən, sən… – MÜSAHİBƏbackend

Uduzduğum braziliyalı dedi ki, sən mənim kumirimsən, sən... – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8-10 noyabrda Bakıda keçirilən dünya çempionatında fərdi yarışda gümüş, komanda turnirində isə Azərbaycan yığmasının heyətində qızıl medal qazanan tanınmış paralimpiyaçı cüdoçu İlham Zəkiyev Fanat.Az-a müsahibə verib.

NOCOMMENT.az həmin müsahibəni təqdim edir:

– İlham bəy, karyeranızda altıncı dəfə dünya çempionatının mükafatına sahib çıxdınız. Təəsüratlarınızı öyrənək.
– Gözlənildiyi kimi, dünya çempionatında planetin ən güclü paralimpiyaçı cüdoçuları iştirak edirdi. Dünya çempionatı Paralimpiya Oyunlarından sonra ən mühüm yarışdır. Yəni rəqabətin yüksək səviyyədə olacağı bəlli idi. Öncədən də söylədiyim kimi, başlıca hədəf qızıl medalıydı. Bunun üçün də əlimdən gələni etdim. Dünya çempionatına yaxşı hazırlaşmışdım. Təəssüf ki, yarış günü səhhətim qaydasında olmadı. Yüksək qan təzyiqi ilə güləşəsi oldum. Üstəlik, köhnə zədələrim də mübarizəyə təsir elədi. Hər şeyə rəğmən, üç heç də asan olmayan görüşdə tatamini qalib tərk edə bildim.

– Finala gələcəyik. Onadək isə ən çətin görüşünüz fransalı idmançı ilə oldu. Halbuki həmin rəqibi iki ay əvvəl İtaliyada keçirilən Avropa çempionatında çox rahatlıqla yenmişdiniz. Ceyson Qrandri artıq sizin döyüş tərzinizə bələd olmuşdu, ya qarşılaşmanın bu qədər uzanması sadəcə həmin gün yaşadığınız narahatlıqla bağlıydı? Açığı, həmin dueldə azarkeşlərinizi çox həyəcanlandırdınız.
– Hər iki amilin təsiri oldu. Amma bunu da deyim ki, fransalının mənə qarşı işlətdiyi fənd qadağan olunmuş sayılır hazırda. Ona görə Qrandriyə “hansoku” verilməliydi. Mənim isə öz fəndimdən sonra rəqibi yerdə saxlamaq imkanım varıydı. Yəni cəhd etsəm, bəlkə, görüş heç “qızıl xal”a getməyəcəkdi. Sadəcə, düşündüm ki, yarımfinaldır, əlavə güc itirməyim. Hər şeyə rəğmən, özümə inanırdım. Bilirdim ki, əlavə vaxtda əlimə əlverişli fürsət düşəcək.

– Həlledici görüşdə bunadək bir neçə dəfə qarşılaşıb, üstün olduğunuz braziliyalı paralimpiya finalçısı Vilyans Araujo ilə qarşılaşırdınız. Rəqib dünya reytinqinin lideri və sizinlə birgə yarışın əsas favoriti idi. Finaldan öncə nə hiss edirdiniz? 
– Araujonu indiyədək iki dəfə – London-2012 Yay Paralimpiya Oyunlarının və 2018-ci ildə Portuqaliyada keçirilən dünya çempionatının bürünc medal görüşündə məğlub etmişdim. Hər ikisində də “ippon”la. Amma bu, onun güclü idmançı olması faktını dəyişmirdi. Bilirdim ki, qarşımdakı olduqca istəkli, xarakterli idmançıdır. Öncə də vurğuladığım kimi, məqsəd sadəcə, qələbə idi. Amma zədə və səhhətimdəki problem özünü göstərdi. İstənilən halda, rəqibin qələbəsini kiçiltmirəm. Bilənlər bilir ki, zəif, sıradan idmançıya uduzmamışam.

– Görüşdən sonra Araujonun sizə qarşı etdiyi jest diqqət çəkdi, alqışlarla qarşılandı. Maraqlıdır, rəqib sizə nə dedi? 
– Məni qucaqlayıb dedi ki, sən əfsanəsən, sən mənim kumirimsən. Mən də onu qələbəsi münasibətiylə təbrik etdim. Dedim, biz hələ yenə görüşəcəyik.

– Son fikrinizə qüvvət, Paris Paralimpiadasına ən çox lisenziya xalı verən yarış məhz dünya çempionatı idi. Bu nailiyyət, həmçinin iki ay əvvəlki Avropa çempionluğu ilə böyük ölçüdə növbəti Paralimpiya Oyunlarına lisenziya vəzifəsinin öhdəsindən gəlmisiniz. Oyunlara iki ildən də az vaxt qaldığını nəzərə alsaq, demək olarmı ki, Parisdə qızıl medal uğrunda əsas rəqabət sizinlə Araujo arasında olacaq?
– Parisə kimi bir neçə lisenziya yarışı olacaq. Onlara da qatılıb, reytinqi qorumaq, imkan olduqca artırmaq lazımdır. Böyük ölçüdə elə olacağını düşünürəm. Amma ev sahibliyi amilinə görə Fransa idmançısının da imkanları az olmayacaq.

– Bakı mundialının komanda yarışında iştirakınız bir qədər gözlənilməz oldu. Yorucu gündən sonra, üstəlik, zədə və səhhətinizdəki narahatlıqla mübarizə apardınız. Komanda turnirinə qatılmağınızı şərtləndirən amillər nə oldu?
– Püşkatmaya baxdıqda gördüm ki, ilk rəqib Gürcüstandır. Ardınca Özbəkistan gəlirdi. Hər iki ölkədən mənim çəkimdə idmançı olsa da, onlarla üz-üzə gəlməmişdim. Rəqiblərlə əyani tanışlıq baxımından önəmliydi. Yarımfinalda mümkün rəqiblər arasında Braziliya da var idi. Orada da Araujo ilə qarşılaşıb, revanş almaq istəyi var idi. Bundan da önəmlisi, komandada mən və Namiq Abaslıdan başqa hamı fərdi yarışı medalsız başa vurmuşdu. Onların mükafatsız qalmağı təbii olaraq mənə də pis təsir eləmişdi. Dedim, əgər imkan varsa, çıxıb güləşməliyəm. Komandada tam görmə məhdudiyyətli Qarabağ qazisi də var idi. Güləşməsə də, adı iştirak ərizəsində qeyd olunduğundan o da yığma ilə birgə kürsüyə qalxdı, boynuna medal asıldı. Ən əsası, yarışda ilk dəfə Azərbaycan himni səsləndi. Mənim üçün xüsusilə sevindirici oldu ki, finalda son nöqtəni özüm qoydum. Kapitan kimi üzərimə düşən missiyanı layiqincə yerinə yetirdim.