“Uitkoff getməli olacaq, Trampa artıq yenisi lazımdır” – Amerikalı politoloqbackend

“Uitkoff getməli olacaq, Trampa artıq yenisi lazımdır” – Amerikalı politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən dünya KİV-lərinin diqqəti Donald Trampın yaxın adamı hesab olunan Stiv Uitkoffun Ağ Ev administrasiyasında xüsusi elçi missiyasını davam edib-etdirməyəcəyi üzərində cəmləşib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-də yaşayan politoloq, Xəzər Universitetinin professoru Ramiz Yunus ukraynalı jurnalist Olena Kurbanovanın “Youtube”da yayımlanan “Kurbanova LİVE” kanalına müsahibəsində bu məsələyə münasibət bildirib.

Jurnalistin “Ruslar sizin Ağ Evdə oturur. Sadəcə fiziki olaraq deyil, xüsusi nümayəndələr vasitəsilə. Məgər baş verənlərlə bağlı bu, müəyyən dərəcədə narahatlıq yaratmırmı?” sualına cavabında Ramiz Yunus “xeyr” cavabını verib və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uoltsun taleyini buna nümunə göstərib.

Uolts bu ilin mart ayında ABŞ-nin Yəməndəki Husi hədəflərinə qarşı planlaşdırdığı hava zərbələrini müzakirə edən “Signal” qrupuna “The Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqi təsadüfən əlavə etmişdi. Qoldberq də həmin yazışmanı paylaşmışdı. Tramp bu qalmaqal ortaya çıxanda öz köməkçisini müdafiə etsə də, iki ay sonra – mayın 1-də onu vəzifəsindən azad edərək ABŞ-nin BMT-dəki təmsilçisi təyin etmişdi.

Ramiz Yunusun sözlərinə görə, dünən Uitkoffu müdafiə edən ABŞ prezidenti bir müddət sonra xüsusi elçiyə münasibətdə də bənzər addım atacaq.

“Qalmaqalın təsiri altında dərhal reaksiya versə və Uitkoffu, xüsusən də öz yaxın dostunu dərhal uzaqlaşdırsa, bir növ zəiflik nümayiş etdirmiş olur. Ona görə də ilkin reaksiya məhz belədir. Hər halda, Uitkoffun işdən çıxarılacağını düşünürəm. O, həqiqətən burada özünü ifşa etdi. Bu sızmadan sonra o, heç bir tərəfə qarşı qərəzli olmadığını göstərə bilməyəcək. Bu, istənilən danışıqlar prosesi üçün həlledici məqamdır. Diplomatiyanın qanunu belədir və o, cərimələnib. Donald Tramp çox yaxşı başa düşür ki, o, bu vəziyyətdə öz narrativlərini irəli apara bilməz və ona yeni Stiv Uitkoff lazımdır. Onun ətrafında isə belələri çoxdur”, – deyə politoloq vurğulayıb.

Politoloq hesab edir ki, Uitkoffun mediaya sızdırılan danışığından Tramp əvvəlcədən xəbərdar olub, çünki xüsusi elçi bunları özbaşına edə bilməzdi. “Böyük siyasətdə belə şeylər olmur. Xüsusən də bu qədər həssas mövzu olduğu üçün hər şey razılaşdırılır. Sadəcə bütün bunlar ortaya çıxanda o, ifşa olundu, çünki birinci şəxslər ifşa oluna bilməz. Deməli, belələri qurban seçilməlidir”.

O, qeyd edib ki, Uitkoff birmənalı şəkildə bilir ki, onu belə məsələyə görə həbsə atmayacaqlar, amma əgər qəfildən hansısa dövlət çevrilişi məsələsi ortaya çıxarsa, o zaman sabiq prezident Co Baydenin bir vaxtlar etdiyi kimi, Donald Tramp da dostunu əfv etmək barədə fərman verəcək.

“Ona görə də onlar indi bu qəzəb dalğasının və bütün emosiyaların necə baş verəcəyini görmək üçün fasilə verəcəklər və sonra davam edəcəklər. Düşünürəm ki, bu məlumatı sızdıranlar özləri aktivləşəcəklər. Yaxın üç gündə bütün Amerikanın bu barədə danışacağına şübhəm yoxdur”, – deyə amerikalı politoloq yekunlaşdırıb.

Dünya KİV-ləri isə hazırda Uitkoffun Uşakovla telefon danışığının hansı ölkə kəşfiyyatı tərəfindən mediaya sızdırıldığı üzərində baş sındırır.

“The Guardian” öz analitik məqaləsində qeyd edir ki, telefon danışığının qeydə alınması nəzəri cəhətdən Rusiya, Ukrayna, ABŞ və ya başqa Qərb ölkəsinin kəşfiyyat orqanları tərəfindən hazırlana və jurnalistlərə ötürülə bilər.

Çünki “Bloomberg” söhbətin təkcə stenoqramını deyil, audio yazısını aldığından, çox güman ki, səs yazısının mənbəyi ya birbaşa kəşfiyyat məlumatlarının toplanmasında iştirak edib, ya da orijinal fayla daxil olmaq üçün kifayət qədər yüksək vəzifə tutub.

“The Guardian” xatırladıb ki, Rusiya kəşfiyyat orqanları məxfi siyasi zəngləri dinləmək və dərc etməkdə böyük təcrübəyə malikdir, lakin Moskvanın ABŞ administrasiyasının Rusiyaya ən loyal üzvlərindən biri hesab edilən Uitkoff haqqında məlumatı açıqlamaq üçün heç bir aşkar motivi yoxdur. Eyni zamanda, ABŞ ilə münasibətlərə görə Kreml elitasında mümkün parçalanma xəbərlərini nəzərə alınsa, bunu istisna etmək olmaz.

“The Guardian” jurnalistlərinin fikrincə, Ukraynanın telefon söhbətini ictimailəşdirmək motivi ola bilərdi, çünki Kiyev Uitkoffun danışıqlardakı rolundan son dərəcə narahatdır və onun mövqeyini sarsıtmaq, eləcə də Kremllə əməkdaşlığının “şok miqyasını” ictimailəşdirmək istəyə bilərdi. Lakin jurnalistlərin fikrincə, ifşa təqdirində amerikalılarla fəlakətli münaqişə riski ukraynalıları bundan vaz keçməyə vadar edə bilərdi. Üstəlik, WhatsApp zəngini Ukraynadan kənarda izləmək imkanı “Ukrayna qurumları üçün təsiredici texniki nailiyyət” olardı.

Kəşfiyyatın keçmiş yüksək rütbəli əməkdaşlarından biri hesab edir ki, amerikalıların zəngi tutduğu ən ağlasığan versiyadır. Onun sözlərinə görə, bunu edə bilən iki qurum var: Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Təhlükəsizlik Agentliyi.

Amerika kəşfiyyatı daxilində hazırkı administrasiyanın Ukrayna və Rusiyaya qarşı siyasətindən narazı olan çoxlu adamlar var. Lakin danışığın səs yazısının sızması istənilən narazı işçi üçün potensial olaraq son dərəcə təhlükəli addımdır.

Kəşfiyyatın başqa keçmiş əməkdaşı güman edir ki, sızıntının arxasında Uitkoffun rusiyayönlü mövqeyindən qəzəblənən Avropa kəşfiyyatı dayanır.

Bununla belə, nəşrin mənbələrindən biri qeyd edib ki, səs yazısının bir çox agentliyin əlinə keçməsi təəccüblü deyil.

“Lakin kiminsə onu sızdırması son dərəcə təəccüblüdür”, çünki o, “hər hansı bir agentlik üçün səmərəli kəşfiyyat pəncərəsi” aça bilərdi.

Xatirə SADIQ