Üç ildən çoxdur ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu səbəbdən Ukrayna universitetlərində təhsil alan tələbələr çətinlik çəkirlər.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, onlar məcbur təhsillərini onlayn formada davam etdirirlər. Lakin həmin tələbələrə hərbi xidmətdən möhlət verilmir. Azərbaycandakı universitetlərə də transfer ola bilmirlər. Yəni onlar ya Ukraynaya getməlidirlər, ya da əsgərliyə…
Tranzit yolu ilə Ukraynaya getmək istəyən tələbələr isə ölkəyə buraxılmır.
Təhsil eksperti Kamran Əsədov deyir ki, Ukraynada əyani şəkildə təhsil alan oğlan tələbələrə hərbi xidmətdən möhlət verilməməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Onun sözlərinə görə, əgər tələbə xarici ölkədə əyani təhsil alması ilə bağlı sənədi komissarlığa təqdim edibsə, ona möhlət verilməlidir.
Möhlət hüququ məsələsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik, amma cavab ala bilmədik.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən tələbələrin Azərbaycan universitetlərinə transferi ilə bağlı bildirildi ki, köçürülmə prosesi yay tətili dövründə həyata keçirilir və tələbələr həmin dövrdə müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













