Son günlər araşdırmalar nəticəsində Ukraynada xeyli sayda əlillik təyinatlarının saxta, əsassız olaraq həyata keçirilməsinin aşkar olunması əsl skandal yaradıb və hətta ölkənin prezidenti səviyyəsində ciddi müzakirə obyektinə çevrilib.
NOCOMMENT.az bildirir ki, ən çox diqqəti cəlb edən isə saxta əlillik alaraq dövlət büdcəsindən vəsait oğurlayanların sırasında dövlət qurumlarında, hüquq mühafizə, prokurorluq orqanlarında çalışan çox sayda məmurun, vəzifəli şəxsin olmasıdır.
Bu günlərdə Ukrayna Prezidenti V.Zelenskinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının ayrıca bir iclası məhz dövlət məmurlarının saxta əlilliyi ilə bağlı məsələyə həsr edilib. Zelenski məmurlar arasında da yüzlərlə əsassız əlillik faktlarının aşkar olduğunu deyib.
Prezident Volodimir Zelenski Teleqram kanalında qeyd edib ki, əlil statusu almaq üçün sənədlərin saxtalaşdırılması, o cümlədən dövlət idarələrində çalışan işçilər tərəfindən öz ehtiyacları üçün bunların edilməsi Ukraynada problemə çevrilib və mövcud tibbi komissiyalar sistemi aradan qaldırılmalıdır.
Əsassız əlillik təyinatları nəticəsində Ukrayna büdcəsindən vəsaitlər qanunsuz istiqamətdə axıdılması ölkədə böyük narahatlıq yaradıb. Hazırda da Ukraynada saxta əlilliklərin aşkar edilərək ifşa olunması ilə bağlı yoxlamalar davam edir, cinayət işləri açılır.
Oktyabrın əvvəlində saxta tibbi arayışlar yazdığı müəyyən olunan Xmelnitski tibbi-sosial ekspertiza xidmətinin rəhbərinin evində aparılan axtarışın video görüntüləri böyük səs-küyə səbəb olub: Onun evindən 5,2 milyon dollar, 300 min avro, 5 milyondan çox qrivna, zinət əşyaları və çirkli pulların yuyulmasına dair sübutlar tapılıb.
Ukraynanın prokurorluq sistemində də bu sahədə çoxlu biabırçı sui-istifadə faktları aşkar edilib. Məsələn, oktyabrın 16-da məlum olub ki, Xmelnitski Vilayət Prokurorluğunun 61 əməkdaş qanunsuz olaraq əlillik qrupları alıb. Qeyd edək ki, Ukraynanın prokurorluq sistemində baş verən saxta əlillik hallarına görə Ukraynanın baş prokuroru Andrey Kostin istefa verdiyini açıqlayıb.
V.Zelenski əlillik təyinatı məsələlərinə diqqətlə və operativ yanaşılmalı olduğunu, əlilliyin qiymətləndirilməsi proseslərinin tam rəqəmsallaşdırılmasını tapşırıb. Çünki prosesin şəffaflaşdırılması üçün ən optimal yol – həmin sistemin elektron infrastrukturunun qurulmasıdır.
Məlum olduğu kimi son illər Azərbaycanda əlilliyin qiymətləndirilməsi sahəsində mühüm islahatlar aparılıb. Bəs hazırda vəziyyət necədir?
“Konstitusiya” Araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev mövzu ilə bağlı Musavat.com-a danışıb:
“Son zamanlar Ukraynada əlillik təyinatları ilə bağlı geniş yayılan saxtakarlıq halları Azərbaycanın əliliyin müəyyən edilməsi sahəsində həyata keçirdiyi sistem xarakteri daşıyan islahatların nə qədər vacib olduğunu bir daha göstərir. Azərbaycan bu məsələdə şəffaflıq və düzgünlük prinsiplərinə əsaslanan mexanizmlərlə saxtakarlığın qarşısını almaqla daha güclü nəzarət və etibarlılığa nail olub.
Ölkəmizdə 2018-ci ildən sonra əlillik sahəsində aparılan islahatlar bu sahədə dərin dəyişikliklərin dövlət büdcəsi, sosial ədalət, sistemin etibarlılığı, şəffaflıq, korrupsiyaya qarşı mübarizə və qanunvericilikdəki təkmilləşdirmələr baxımından əhəmiyyətini ortaya qoyur”.
Əliməmməd Nuriyev qeyd edib ki, bu islahatlar özündə aşağıdakıları ehtiva edir:
Elektron qiymətləndirmə sistemi: Elektron qiymətləndirmə sisteminin tətbiqi vətəndaşların əlillik statusu üçün şəffaf şəkildə müraciət etməsinə imkan yaradıb. Rəqəmsal sistemlər vasitəsilə sənədləşmənin mərkəzləşdirilməsi və dövlət orqanları arasında məlumat mübadiləsinin daha sürətli aparılması saxta əlillik təyinatlarının qarşısını alır.
Azalan korrupsiya halları: Əvvəlki sistemdə insan faktoru daha çox rol oynadığı üçün korrupsiya hallarına yol açırdı. Lakin rəqəmsallaşma nəticəsində qiymətləndirmə prosesində insan faktorunun rolu azalıb, bu da korrupsiya hallarının azalmasına səbəb olub.
Saxta əlillik təyinatlarının ləğvi: islahatların ilkin mərhələsində xeyli sayda əlillik əlaməti olmayan şəxsin sosial ödəniş aldığı müəyyən edilib. Saxta təyinatların ləğvi həm sosial ədalət prinsipinin qorunmasına, həm də dövlət büdcəsindən ayrılan vəsaitlərin daha düzgün istifadəsinə səbəb olub.
Bu addım dövlət büdcəsinin optimallaşdırılmasına kömək edib, çünki artıq qanunsuz təyinatların qarşısı alınıb və vəsaitlər həqiqətən ehtiyacı olan şəxslərə yönəldilib. Beləliklə, bu islahatlar yalnız saxta ödənişləri dayandırmaqla kifayətlənmir, eyni zamanda, real ehtiyac sahiblərinin daha çox dəstək almasına şərait yaradır.
Rəqəmsal infrastrukturun yaradılması: Əlilliyin təyinatı prosesinin tam rəqəmsallaşdırılması insan faktorunun yaratdığı manipulyasiya risklərini minimuma endirib. Elektron sistemdə hər bir müraciət mərkəzləşdirilmiş şəkildə qeydə alınır və sənədləşdirilir, bu da təyinat prosesində şəffaflığı və nəzarəti artırır.
“E-sistem” yalnız müraciətlərin qeydiyyatını deyil, eyni zamanda saxta təyinatların avtomatik aşkarlanmasını da təmin edir. Məsələn, sistem müraciət edən şəxsin tibbi məlumatlarını avtomatik yoxlayır və qanunla təyin edilmiş şərtlərə uyğunluğunu qiymətləndirir. Bu isə əyani yoxlamaların yerinə keçərək qiymətləndirmənin obyektivliyini artırır.
Rəqəmsal infrastruktura əsaslanan bu islahatlar tibbi müəssisələr, sosial müdafiə orqanları və digər aidiyyəti qurumlar arasında məlumat mübadiləsini də asanlaşdırıb. Bu, saxta təyinatların aşkarlanmasını sürətləndirir və ümumi nəzarət sistemini gücləndirir.
İslahatlar çərçivəsində əlillik təyinatları ilə bağlı qanunvericilik bazası təkmiləşdirilir. Yeni qanunvericilik saxta təyinatlar üçün daha sərt tədbirlər nəzərdə tutur və həmçinin əlillik statusunun verilməsi ilə bağlı daha dəqiq qaydalar müəyyənləşdirir.
Qanunvericilikdə edilən dəyişikliklər yalnız saxtakarlığın qarşısını almaqla kifayətlənmir, həmçinin həqiqi əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəlir. Bu addım sosial müdafiənin ədalətliliyini təmin edərək, əlilliyi olan şəxslərin dövlətin dəstəyini daha yaxşı şəkildə almasına şərait yaradır.
Saxta əlillik təyinatları ilə məşğul olan şəxslərə və ya bu prosesdə iştirak edən dövlət qulluqçuları davamlı məsuliyyətə edilərək barələrində sərt intizam, inzibati, cinayət cəza tədbirləri tətbiq olunur və qanunvericilik daha da sərtləşdirilir. Bu, sistemdə şəffaflığın təmin edilməsində və saxtakarlıq hallarının qarşısının alınmasında güclü təsir göstərir”.
Ekspert bildirir ki, saxta təyinatların aşkarlanması nəticəsində dövlət büdcəsi üzərində yaranan yük azalır:
“Bu isə dövlətin daha çox ehtiyacı olan sosial layihələrə vəsait ayırmasına imkan yaradır. Bu addımlar Azərbaycanın sosial müdafiə büdcəsinin səmərəli şəkildə istifadə olunmasına gətirib çıxarıb.
Saxta təyinatların ləğvi və sistemdə şəffaflığın artırılması, əlilliyi olan şəxslərin dövlət dəstəyinə daha asan çıxışını təmin edir. Nəticədə, real ehtiyac sahibləri, əlillər, xəstələr və qocalar daha çox sosial dəstək ala bilirlər.
Saxta təyinatların azalması ilə qənaət edilən vəsaitlər əlillər üçün xüsusi proqramlara, tibbi yardıma və sosial xidmətlərə yönəldilir. Bu isə sosial bərabərsizliklərin azalmasına və həqiqi ehtiyac sahiblərinin rifahının artmasına xidmət edir.
Azərbaycanda həyata keçirilən bu islahatlar digər ölkələr üçün də nümunə hesab edilə bilər. Xüsusilə region ölkələri bu sistemdən istifadə edərək əlillik sahəsində şəffaflıq və ədalət prinsiplərinə əsaslanan islahatlar həyata keçirə bilərlər. Azərbaycanın əldə etdiyi təcrübə, beynəlxalq platformalarda paylaşılaraq digər ölkələrə dəstək göstərilməsi üçün nümunəvi bir modeldir. Azərbaycanın bu sahədə qazandığı uğur digər dövlətlərdə də saxta təyinatların qarşısını almağa kömək edə bilər.
Sosial xidmətlərin təkmilləşdirilməsi və məşğulluq proqramlarının genişləndirilməsi nəticəsində əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası dəstəklənmişdir. Bu, həmin şəxslərin iqtisadi fəaliyyətə cəlb olunmalarını və sosial həyatın aktiv iştirakçısına çevrilmələrini asanlaşdırır.
Rəqəmsal sistemlərin tətbiqi, saxta əlillik təyinatlarının qarşısının alınmasında əsas vasitə olsa da, davamlı monitorinq və audit tədbirləri də lazımdır. Bu tədbirlər sistemin şəffaflığını qorumaq və yeni potensial boşluqları müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edir.
Əlillik sahəsində saxtakarlığın qarşısının alınması üçün cəmiyyətin məlumatlandırılması və sosial müdafiə hüquqlarının izah edilməsi də əhəmiyyətlidir. Maarifləndirmə tədbirləri, cəmiyyətin saxtakarlıq halları barədə məlumatlılığını artıraraq, insanların dövlətin dəstək proqramlarından düzgün istifadə etməsini təmin edə bilər.
Bu islahatlar Azərbaycanda əlillik təyinatı sahəsində şəffaflıq, dürüstlük və sosial ədalətlilik prinsiplərinin inkişafına gətirib çıxarıb. Saxta təyinatların qarşısının alınması dövlət büdcəsinin səmərəli istifadəsini təmin edib və ehtiyacı olan şəxslərə daha çox maliyyə dəstəyi yönləndirilib. Bununla yanaşı, qanunvericilikdə edilən dəyişikliklər bu sahənin uzunmüddətli dayanıqlığını və dövlətin sosial dəstək sisteminin etibarlılığını artırıb. Azərbaycanın əlillik sahəsindəki islahatları regionda və dünyada nümunəvi bir təcrübə kimi qəbul edilə bilər və bu təcrübənin beynəlxalq miqyasda paylaşılması, digər ölkələr üçün də faydalı ola bilər”.