Ukraynanın ən varlı iş adamlarından olan azərbaycanlı kimdir? – DOSYEbackend

Ukraynanın ən varlı iş adamlarından olan azərbaycanlı kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı nəşrlərindən olan “Forbes” jurnalının Ukrayna versiyası ölkənin ən varlı 100 iş adamının siyahısını açıqlayıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Ukraynanın ən varlı iş adamı ölkənin metallurgiya sənayesində əsas söz sahibi olan Rinat Axmetov hesab olunur. Dərginin hesabatına görə, Rinat Axmetovun 7,6 milyard dollar sərvəti var.

Ölkənin sabiq prezidenti Petr Poroşenko 1,6 milyard dollar sərvətilə Ukraynanın ən varlı 7-ci iş adamı olub. Son bir ildə Poroşenko sərvətini 200 milyon dollar artırıb.

Ötən il Ukraynada sərvətini artıra bilən iş adamlarından biri də Azərbaycan əsilli iş adamı Vaqif Əliyev olub. Ukraynda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Vaqif Əliyev sərvətini son bir ildə 85 milyon dollar artırıb. Ötən il 375 milyon dollarla Ukraynanın ən varlı iş adamlarının siyahısında 23-cü sırada olan Vaqif Əliyev bu il 460 milyon dollar ilə 22-ci sıraya yüksəlib.

Məlumat üçün qeyd edək ki, Vaqif Əhməd oğlu Əliyev 1959-cu ildə Aşqabadda (Türkmənistan) azərbaycanlı ailəsində anadan olub. 1986-88-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. Hərbi xidmətdən sonra ticarətə başlayıb. 1980-ci illərin sonunda qazlı su satan 500 köşk şəbəkəsi qurmağı bacarıb. 1990-cı illərin əvvəlində Ukraynaya köçüb.

Vaqif Əliyev burada ukraynalı iş adamı İqor Bakay, İqor Nikonov və Vladimir Krapivin ilə birlikdə Türkmənistan təbii qazının Ukraynaya idxalı ilə məşğul olublar.

2000-ci ildə “Mandarin Plaza” inkişaf şirkətini qurur. Bir il sonra Vladimir Krapivin və İqor Nikonov ilə birlikdə “KAN” adlı (adı – Krapivin, Əliyev, Nikonov soyadlarının ilk hərflərindən) digər bir inkişaf şirkəti təsis edir. Vaqif Əliyevin Kiyevdəki ilk layihəsi 2003-cü ildə tikilən Bessarabkada “Mandarin Plaza” ticarət mərkəzi olur.

2012-ci ildə “KAN” inkişaf şirkəti “Diamond Hill” yaşayış kompleksini istifadəyə verib. 2016-cı ildə Əliyev 50 milyon dollara “Parus” biznes mərəzinin 50%-nə sahib olur. 2016-cı ilin sonunda Azərbaycan əsilli iş adamı “Lavina Mall”, 2019-cu ilin ortalarında isə “Blockbuster Mall”un açılışını edir.

2019-cu ildə Vaqif Əliyev “Okean” Ticarət Mərkəzinin tikintisinə başlayıb. Vaqif Əliyev bildirib ki, o, Kiyevin hər rayonunda 1 ticarət mərkəzi inşa edərək, onların sayını 2020-ci ilin sonuna qədər 10-a çatdırmağı düşünür.