Ulu öndərin məzarına getməyən adamı niyə işdə saxlamalıyam?backend

Ulu öndərin məzarına getməyən adamı niyə işdə saxlamalıyam?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Cavad Cavadov hüquqşünas kimi çalışdığı şirkətdən özündən xəbərsiz işdən çıxarıldığına görə kompensasiyasını ala bilmir. Şirkət məhkəməyə məktubunda yazıb ki, hüquqşünas keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət etmədiyi üçün işdən çıxarılıb.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Şükürbəyli kəndində hərbi formaların tikilməsi üçün fabrik açacağını bəyan edən “T-Finans LTD” şirkəti Cavadova 32 min 300 manat kompensasiya ödəməlidir. Bu barədə Binəqədi rayon Məhkəməsi bu ilin martında qərar çıxarsa da, qərar bu günə qədər icra olunmayıb. Şirkətin icraçı direktoru İlahə İlyasova Azadlıq Radiosuna deyir ki, məhkəmə qərarını icra etmək niyyətində deyil, üstəlik, qərarı çıxaran hakim İlkin Əliyevin səlahiyyətlərinə xitam verilənə qədər dayanmayacaq.

“Nəinki razılığım, heç xəbərim də olmayıb”

Kompensasiya öhdəliyinin hansı əsasla yaranmasına gəlincə, Cavadovla şirkət arasında 2020-ci ilin aprelində müddətsiz əmək müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə görə, hüquqşünas “T-Finans LTD” MMC-yə hüquqi xidmətlər göstərməli, şirkət də bunun qarşılığında ona aylıq 1700 manat əməkhaqqı ödəməlidir.

Vəkil Cavadov deyir ki, şirkət onunla müqaviləyə birtərəfli qaydada xitam verib, bu barədə elektron hökumət portalına bildiriş əlavə edib. Ancaq həmin bildirişdə göstərilib ki, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib: “Halbuki, mənim müqaviləyə xitam verilməsindən, ümumiyyətlə, xəbərim olmayıb. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndində yazılıb ki, tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilə bilər. Mənim isə nəinki razılığım, heç xəbərim də olmayıb, uzun müddət sonra məlumat almışam”.

Portaldakı bildirişdən aydın olur ki, Cavadovla müqaviləyə işə götürüləndən bir ay sonra – 2020-ci ilin mayında xitam verilib. Ancaq vəkil bu məsələdən 2021-ci ildə xəbər tutanadək şirkət üçün məsafədən çalışdığını deyir. Onun sözlərinə görə, problemi danışıqlar yoluyla həll etməyə çalışıb, amma alınmayıb. Ona görə məhkəməyə üz tutub: “Çünki mən bir çox işlər görmüşəm – hüquqi məsləhətlər, hüquqi sənədlərin reviziyası, müqavilələrin hazırlanması və s.”.

“Dövlətin siyasi etibarını qorumaq naminə…”

Binəqədi rayon Məhkəməsində keçirilən məhkəmə iclaslarında şirkətin nümayəndəsi iştirak etməyib.

“T-Finans LTD” MMC-nin direktoru Minayə Həmidovanın məhkəməyə göndərdiyi məktubda Cavadovun öz istəyiylə işdən çıxdığı yazılıb. Həmidova elə həmin məktubda da bildirir ki, Cavadovla heç bir əmək müqaviləsi imzalanmayıb.

“Şirkət ulu öndərin (keçmiş prezident Heydər Əliyevi nəzərdə tutur – red.) xatirəsinə bir çox tədbirlər keçirib, bunların heç birində Cavad Cavadov iştirak etməyib. Dövlətin siyasi etibarını qorumaq naminə müxalifət yönündə heç bir işçinin bizimlə çalışmasını istəmirik. Onunla heç bir əmək müqaviləsi bağlanmayıb”, – bu ilin fevralında məhkəməyə göndərilən məktubda belə yazılıb.

Məhkəmə Cavadovla müqaviləyə xitam verilməsi haqda əmrin ləğv olunması, onun işinə bərpa edilməsi və qərar çıxarılana – 2022-ci ilin martına qədər olan müddət üçün (23 ay) – aylıq 1700 manatdan hesablanmaqla – ona əməkhaqqının ödənilməsi haqda qətnamə çıxarıb.

“Gedib müxalifətçiləri müdafiə edəndə bizim işləri aparmayıb ki”

“T-Finans LTD”nin icraçı direktoru İlahə İlyasova AzadlıqRadiosuna deyib ki, o, heç kimə pul ödəmək niyyətində deyil: “Ulu öndərin qəbrinə getmək istəməyən adam mənim şirkətimdə nə gəzir? Onu niyə işdə saxlamalıyam? Beş nəfərin iştirakıyla akt yazdıq, adam işdən çıxdı. Demişdi ki, ərizəmi verəcəm, vermədi. Gedib müxalifətçiləri müdafiə edəndə bizim işləri aparmayıb ki. Bu dövlət sağ olsun, bizim bu boyda vergi borcumuza qədər sildi…”.

Məhkəmə qərarında göstərilib ki, 1 ay ərzində apellyasiya şikayəti verilə bilər. Lakin şirkət şikayət vermədiyinə görə qərar qüvvəyə minib.

İlyasova bildirib ki, şirkətin təsisçisinin səhhətiylə bağlı sənəd alıb apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpasına görə məhkəməyə müraciət edəcəklər.

“Mənə Heydər Əliyevin məzarını ziyarət etmək təklif olunmayıb”

Cavadov isə deyir ki, qarşı tərəf məhkəmə qərarını icra etməmək – ona pul ödəməmək üçün mərhum prezidentin adıyla spekulyasiya ilə məşğuldur.

“Ümumiyyətlə, mənə Heydər Əliyevin məzarını ziyarət etmək təklif olunmayıb. Bunun hamısı məhkəmə qərarını icra etməmək, əmək hüquqlarımın pozulmasına haqq qazandırmaq üçün bəhanədir. İşlədiyim müddətdə əmək funksiyalarımı yüksək səviyyədə yerinə yetirmişəm. Onların etdiyi qanunsuzluqlar məhkəmə qərarında əksini tapıb. Hətta bir anlıq qarşı tərəfin dediklərini həqiqət kimi qəbul etsək belə, hüquqşünasın əmək funksiyasına daxil olmayan işi ondan tələb etmək qanunsuzdur”, – Cavadovun sözləridir.

Azadliq.org