Un bahalaşıb, çörək qalxır… – Sahibkarlar təkzib etdibackend

Un bahalaşıb, çörək qalxır… – Sahibkarlar təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Unun qiymətinin qalxması dünya bazarlarında və yaxud Azərbaycanın buğda idxal etdiyi Rusiya və Qazaxıstanda bahalaşma və yaxud bu ölkələrdə idxala qoyulan məhdudiyyətlər zamanı olur. Hazırda isə belə bir tendensiya yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri axar.az-a iqtisadçı ekspert Eldəniz Əmirov unun 50 kiloqramlıq kisəsinin son 10 gündə 25,2 manatdan 32 manata qalxması haqda yayılan məlumat haqda danışarkən deyib.

Onun sözlərinə görə, qiymət artımının səbəbi bu amillər olmadığı üçün əsl səbəbi araşdırılmalıdır:

“Unun qiymətinin qalxması düşünürəm, digər amillərdən qaynaqlanır. Aidiyəti qurumlar məsələnin kökünü dəqiq araşdırmalı və səbəblər üzə çıxarılmalıdır”.

Ekspert unun bahalaşmasının çörəyin qiymətinə təsiri ehtimalına da münasibət bildirib:

“Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşdığına görə çörəyin qiymətini nəzarətsiz buraxmır. Rəsmi olaraq çörəyin qiymətinin qalxması gözlənilmir. Buna baxmayaraq, un bahalaşırsa, çörək istehsal edən sahibkarı da düşünmək lazımdır. Ortaq məxrəcə gəlməyə ehtiyac var”.

Bakı şəhər bir nömrəli çörək zavodundan saytımıza verilən məlumatda isə unun kisəsinin qiymətində bahalaşma müşahidə edilmədiyi və belə bir vəziyyətin olmadığı bildirilib.

“Karmen” MMC də bu xəbərlərin doğru olmadığını və unun 50 kg-nın əvvəlki qiymətə – 28,9 manata başa gəldiyini bildirib.