Universitetdə keçilənləri 5-ci sinfin proqramına salıblar – Keçmiş nazir: “Belə yarıtmaz proqramlarla uşaqları incidirlər”backend

Universitetdə keçilənləri 5-ci sinfin proqramına salıblar – Keçmiş nazir: “Belə yarıtmaz proqramlarla uşaqları incidirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideynlər uşaqlarının məktəbdə keçirdikləri vaxtın çox olmasından narazıdırlar. Çünki bir çox şagird məktəbdən sonra həm də əlavə məşğələlərə, yaxud repetitor yanına gedirlər. İstənilən halda 6-7 saat məktəbdə eyni vəziyyətdə oturan şagird yorulur və dərsdən sonrakı həyatı 0 dərəcəsinə düşür. Yorğun beynin isə bir az da yüklənməsi böyük fəsadlara yol aça bilər.

Bəs məktəblərdə düzgün dərs proqramı necə qurulmalıdır?

NOCOMMENT.az xəbər verir ki, bu barədə keçmiş təhsil naziri, professor Firudin Cəlilov Redaktor.az-a açıqlamasında bildirdi ki, dünya texnologiya mərhələsinə daxil olub, uşaqları da geri qalmasın deyə buna hazırlayırlar, amma bu, doğru deyil:

“Çünki tibbi cəhətdən uşaqlara ziyandır, onları çox yükləyirlər. Uşaqların çıxıb həyətdə oynamağa vaxtı olmur. Onları bu qədər yükləmək olmaz. Artıq fənləri azaltmaq lazımdır. Uşaq məktəbə həvəslə getməlidir ki, orada dostlarıyla oynayacaq, vaxtını səmərəli keçirəcək. Finlandiyada olduğu kimi. Orada uşaqları evdə saxlaya bilmirlər, hamısı həvəslə dərsə gedir, çünki orada orta məktəbi oxumaq çox asandır, dərslər əyləncəli keçir. Amma Avropa ölkələrində universitetdə oxumaq çətindir. Bu da düzgündür, uşağa imkan yaradılmalıdır ki, öz uşaqlığını yaşaya bilsin.

Mənim univeritetdə birinci kurslara dediyim bəzi məsələləri, görürəm ki, indi 5-ci sinfin proqramına salıblar. Axı bu, o şagirdə uyğun deyil, institut səviyyəsinə aiddir. Belə yarıtmaz proqramlarla uşaqları incidirlər. Uşaqlar üçün ideal dərs saatı gündə 4, uzağı 5 saat olmalıdır”.

Professor uşaqların məktəbdən sonra repetitor yanına getməsinə də fikir bildirdi:

“Bu qaçılmazdır, amma həm də məsələni nisbətən iyrəncləşdiriblər. Bir dəfə sosial şəbəkədə gördüm ki, şagird kişi müəllimə sual verir. Müəllim isə cavabında deyir ki, sən mənim dərslərimə gəlmirsən, ona görə də mən sənin bu sualına cavab vermirəm, gələrsən, izah edərəm. Uşaq da pərt olur. Həyasızlıın dərəcəsinə bax! Bu vəziyyət artıq dəhşətli hal alıb. Ona görə də məktəblərə nəzarət həddindən artıq gücləndirilməlidir. Evdə dərs keçən müəllimlər siyahıya alınmalıdır”.

Firudin Cəlilov repetitorların dövlətə vergi ödəməsi məsələsinin isə əleyhinə olduğunu qeyd etdi:

“Bu, indiki məmurlara sərf edən məsələdir və mən bu halın əleyhinəyəm. Müəllimlər var ki, ailəsi böyükdür, maaşı çatmır. O, məcburdur ki, evdə də şagird hazırlasın. Qazandığının yarısını da hökümətə köçürə bilməz. Onsuzda müəllimlərin maaşı azdır. Ən yaxşısı odur ki, auditoriyada şagirdlərin sayı az olsun və şagirdlər dərsi keyfiyyətli keçsinlər. Dərsliklər asanlaşdırılmalıdır”.

Uşaqların məktəbdə dərslərlə çox yüklənməsi ilə bağlı psixoloq Fərqanə Mehmanqızı vurğuladı ki, hər bir uşağın yükgötürmə qabiliyyəti müxtəlifdir:

“Ona görə də uşaqlarda gərginlik “tükənmişlik sindromu”nun yaranması təbiidir. Bu səbəbdən ilin sonuna yaxın müəllim və valideynlər şikayətlənirlər ki, uşaq artıq oxumaq istəmir. Bu məhz “tükənmişlik sindromu”nun əlamətidir. Hər bir uşağın xarakteri fərqlidir. Təhsillə bağlı uşaqlarda müxtəlif fikirlər var və akademik dəyərləri qavramada müəyyən problemləri ola da bilər, olmaya da. Hər uşaq individual olduğu üçün ümumi təhsil sisteminin hər uşağa eyni cür təsir edəcəyini demək mümkün deyil. Bunlar nəzərə alınmalıdır. Bu məsələdə müəllim və psixoloq birlikdə uşağa nəzarət etməlidir, hər bir uşaq test edilməlidir. Əgər uşağın motivasiyası düşürsə, onun üzərində işəmək lazımdır. Bu haqda valideynə də məlumat verilməlidir ki, artıq uşağınız “tükənmişlik sindromu”na doğru gedir deyə motivasiya proqramını işləyirik”.