Ürək səssizcə xəbərdarlıq edə bilər – Təhlükə siqnalı göstərən 9 mühüm əlamətbackend

Ürək səssizcə xəbərdarlıq edə bilər – Təhlükə siqnalı göstərən 9 mühüm əlamət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsti hava yorğunluq, nəfəs darlığı və ya halsızlıq kimi şikayətləri artıra bilər. Lakin bəzən bu əlamətlər yalnız hava şəraitindən deyil, ürəyin səssizcə verdiyi xəbərdarlıqlardan da qaynaqlana bilər.

NOCOMMENT.az xəbər verir ki, kardiologiya üzrə mütəxəssis dosent Onur Taşarın sözlərinə görə, ürək xəstəliklərinin bəzi əlamətləri çox zaman nəzərdən qaçırılır:

“Gündəlik həyatda yay istisinə, stressə və ya gərgin iş tempinə bağladığınız bəzi şikayətlər əslində ürək xəstəliyinin göstəricisi ola bilər. Bu əlamətlər bəzən tək, bəzən isə başqa əlamətlərlə birlikdə ortaya çıxır. Ürək xəstəliklərində erkən fərq edilən siqnallar həyati riskləri önləməyin ən təsirli yoludur. Erkən diaqnoz və müalicə ürək sağlamlığını qorumaqda kritik əhəmiyyət daşıyır. Buna görə də həkimə müraciət etmək vacibdir”.

Dosent Onur Taşar tez-tez nəzərdən qaçan əlamətləri və ürəkdə təhlükə siqnalı verən 9 mühüm göstəricini açıqlayır:

Yorğunluq – Gündəlik işləri yerinə yetirmək əvvəlkindən daha çətin gəlirsə, pilləkən qalxmaq və ya qısa məsafə gəzmək belə nəfəsinizi kəsirsə, bu ürəyin orqanizmə kifayət qədər oksigenli qan göndərə bilmədiyinin göstəricisi ola bilər. İstirahət etdikdən sonra belə keçməyən həddindən artıq yorğunluq erkən xəbərdarlıq siqnalıdır.

Nəfəs darlığı – Adi fəaliyyət zamanı nəfəs darlığı, istirahət halında nəfəs almaqda çətinlik, gecə yuxudan nəfəs tıxanması ilə oyanma ürək çatışmazlığının əlaməti ola bilər. Ürək zəiflədikdə ağciyərlərdə maye toplanır və nəfəs alma çətinləşir.

Döş qəfəsində narahatlıq – Ağrı olmasa belə, döşdə sıxılma, təzyiq, yanma və ya doluluq hissi infarkt ərəfəsində ən çox rast gəlinən xəbərdarlıqlardandır. Bu hiss bəzən qola, çənəyə, boyuna və ya kürəyə yayıla bilər.

Ayaqlarda və ya qollarda şişkinlik – Xüsusilə topuq, baldır və qarında səbəbsiz şişkinlik ürəyin qan dövranını lazımi səviyyədə təmin etmədiyini göstərə bilər. Günün sonunda daha çox nəzərə çarpır.

Sürətli və ya nizamsız ürək döyüntüsü – Ürək ritminin qəfil sürətlənməsi, nizamsızlaşması və çarpıntı hissi ciddi ritm pozuntusunun əlaməti ola bilər. Bu hal başgicəllənmə və ya huşunu itirmə ilə müşayiət olunursa, təcili müayinə tələb edir.

Başgicəllənmə və ya huşunu itirmə – Qəfil sərsəmlik, bulanıq görmə və ya qısa müddətli huş itkisi beynə kifayət qədər qan getməməsi ilə əlaqəli ola bilər. Təkrarlanan huş itkisi hallarına biganə qalmaq olmaz.

Yuxu problemləri – Gecə tez-tez oyanmaq, yuxusuzluq və ya nəfəs darlığı səbəbindən oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalmaq ürək zəifliyinin göstəricisi ola bilər.

Tərləmə – Açıq səbəb olmadan baş verən qəfil və həddindən artıq soyuq tərləmə infarkt əlaməti ola bilər. Bədən, ürək üzərindəki yükü azaltmaq üçün bu cür reaksiya verə bilər.

Döş ağrısı – Qəfil başlayan, güclü və ya uzun müddət davam edən döş ağrısı birbaşa infarktla əlaqəli ola bilər. Eforla artan və istirahətlə keçməyən ağrılar təcili tibbi müdaxilə tələb edir.\\Redaktor.az