2006-cı ilə qədər ölkədə uşaqların təminatı nəzərə alınmadan hər uşağa aylıq olmaq şərtilə uşaqpulu ödənilirdi. Sonradan bu müavinətin verilməsi dayandırıldı, uşaqların sağlamlığı və onların ailələrinin maddi durumu nəzərə alınmaqla bir neçə adda sosial müavinət müəyyən edildi.
Azərbaycanda hər ay üçün uşaq pulu verilməsi mümkündürmü? Ölkəmizdə bir uşaq üçün minimum istehlak səbətinə nələr daxildir? Uşaqpulunun verilməsi iqtisadi cəhətdən nə dərəcədə real görünür?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirilib ki, Azərbaycanda müxtəlif adlarla uşaq pulu verilir. Misal üçün aztəminatlı ailələr üçün və ya əngəlli uşaqlar üçün ayrıca ödənişlər olunur. Təqribən bu formada 4-5 istiqamətdə belə ödəniş mövcuddur. Bu da 500 min uşağı əhatə edir. Ümumilikdə isə 2 milyon 700 min 0-17 yaş arası vətəndaşımız var. Bütün bu uşaqların hamısı üçün uşaq pulunun verilməsi üçün yeni qaydaların qəbul edilməsinə ehtiyac var.
Natiq Cəfərli onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı bu mənada ödənişlərin həcminə diqqət edir. Ekspert hesab edir ki, ailədə ilk uşağın xərcləri üçün adətən ailə də müəyyən hazırlıqlar görür. Mütəxəssis onu bildirib ki, ikinci uşağa uşaq pulunun verilməsi daha məntiqli olardı. Beləliklə də ailələrdə uşaqların doğumuna maraq arta bilər.
“Misal üçün ilkin mərhələdə ikinci uşağa 100 manat, üçüncü uşağa 50 və ya əksinə sıralanma ilə artan tendensiya tətbiq etmək mümkündür. Azərbaycan iqtisadiyyatının bu formada uşaq pulu vermək imkanları var. Sadəcə olaraq izafi xərclər azaldılmalıdır”,-deyə əlavə edib.