Uşaqlara işgəncə verənlər niyə evə buraxılıblar? – SƏBƏBbackend

Uşaqlara işgəncə verənlər niyə evə buraxılıblar? – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verən şəxslər ev dustaqlığına buraxılıblar.

Ötən gün Nizami rayon Məhkəməsində mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Hakim Nigar Qədirlinin sədrlik etdiyi məhkəmə iclasında vəsatət təmin edilib. Məhkəmənin qərarına əsasən, hər üç şəxs barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Bundan əlavə, onlar vəzifədən kənarlaşdırılıblar.

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verənlərin ev dustaqlığına buraxılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bildirilib ki, həmin şəxslər ən ağır cəzaya məhkum edilməlidir.

NOCOMMENT xəbər verir ki, bu barədə modern-ə danışan tanınmış vəkil Cavad Cavadov bildirib ki, fiziki qüsurlu uşaqlara işgəncə verən şəxslərin ev dustaqlığına buraxılması qanunauyğun addımdır.

Hüquqşünasın sözlərinə görə, qətimkan tədbiri cəza demək deyil: “Girovluq, həbs qətimkan tədbirləri kimi, ev dustaqlığı da istintaqın gedişini təmin etmək, şəxsin istintaqdan yayınmasının qarşısını almaq üçün seçilir. Məhkəmə həmin şəxslərlə bağlı ev dustaqlığını seçərkən yəqin ki, müəyyən nüansları nəzərə alıb.

Ev dustaqlığı verilən şəxslərin hər ikisi qadındır. Ola bilər ki, onların öhdəliyində yeniyetmə övladları olsun. Yəqin məhkəmə bunları nəzərə alıb.

Ev dustaqlığına buraxılma ilə bağlı qərar məhkəmənin səlahiyyətində olan məsələdir. Sadəcə olaraq bizdə elə fikir formalaşıb ki, ictimai rezonans doğuran məsələlərdə şəxs həbs olunmalıdır. Cəmiyyət bunu bir növ cəza tədbiri kimi qəbul edir. Ancaq belə deyil. Cəzanı sonda məhkəmə verir. Şəxslərə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sabah onlar azadlıqdan məhrum edilə bilər. Burada qanunsuz heç nə yoxdur. Bu qətimkan tədbirinin seçilməsi müəyyən məhdudiyyətlərlə hesablanıb”.

Cavad Cavadov qeyd edib ki, ümumiyyətlə, rezonans doğuran məsələdə istintaq və məhkəmə ictimai təzyiq altında olur: “Bununla da bəzən obyektivlikdən kənar qərarlar qəbul olunur. Mən buna Tovuzda azyaşlıya təcavüzə görə həbs edilən və cinayət işi hələ də davam edən şəxsi misal çəkə bilərəm. Hadisə baş verən kimi dərhal şəxsin fotoşəkli yayıldı. Bunu niyə tutmurlar, bunu öldürmək lazımdır, deyə fikirlər səsləndirildi. İstintaq da tələm-tələsik onu həbs etdi. Ancaq indi məhkəmənin gedişindən də görünür ki, orada sübutların saxtalaşdırılması hallarına yol verilib. Sadəcə imkan vermək lazımdır ki, istintaq orqanı öz qərarını qəbul etsin. İstintaq orqanının həmin şəxslərin əməllərini ört-basdır etməyə lüzumu yoxdur. Nəyə görə istintaq hadisəni ört-basdır etməlidir? Bəlkə videogörüntülər saxtadır. Bunun bir ekspertizası keçirilməlidir. Mənim fikrimcə, burada hadisəni törədən şəxslər vəzifəlidirsə, deməli, vəzifə cinayəti də var. Gələcəkdə onlara əlavə ittiham verilə, ittihamları ağırlaşdırıla bilər. Reabilitasiya mərkəzindəki şəxslər barədə 133-cü maddə əsas tutulmaqla iş başlanılıb. Bu maddəyə əsasən, əməldə mütəmadilik olmalıdır. İndi bu da özlüyündə sübut olunmalıdır. Həmin cinayət işi ümumiyyətlə, az ağır cinayətlər kateqoriyasına daxildir. Burada alternativ cəzalar da nəzərdə tutulub”.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Nizami rayonunda yerləşən “Mehnur” loqopedik mərkəzində uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılıb. Həmin kadrlar ictimai rezonans doğurub.