Uşaqlarda QIZILCAYA oxşar xəstəlik YAYILIB: Ürəyi və böyrəyi…- Pediatrlardan SOSbackend

Uşaqlarda QIZILCAYA oxşar xəstəlik YAYILIB: Ürəyi və böyrəyi…- Pediatrlardan SOS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlarda uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı və digər simptomlarla bağlı müraciət edənlərin sayında artım müşahidə olunur.

Qızılcayla oxşar simtomları olan infeksiya “Streptakok” adlı xəstəlikdir. Ümumilikdə bu infeksiya ağır deyil, lakin bəzən ağırlaşmalar yarada bilər. Ağırlaşmalar revmatizma və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından məsələyə münasibətdə bildirilib ki, uşaqlarda olan yüngül boğazağrısı belə gözardı edilməməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.

Yayılan infeksiya uşaqlarda nə kimi risk yarada bilər? Qızılcadan nə ilə fərqləndirməli?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Rəferans.az-ın suallarını həkim- pediatr Aytən İsmayılzadə cavablandırıb.

Həkim bildirib ki, streptakok çoxdan yayılıb və ötən ildən bəri müşahidə edilir: “Bu boğaz infeksiyasıdır. Ürəyə, böyrəyə zərər verə bilər. Ötən il üçün çətin məqamlar bu idi ki, sözügedən xəstəliyi qızılca ilə fərqləndirmək üçün boğazdan yaxma verilirdi. Biz testə baxırıq, nəticə pozitivdirsə, müalicəyə ilk 9 gündə başlayırıq. Poliklinikalarda bu iş çətin olur”.

Müsahib deyir ki, həkimlər analiz götürmədən birbaşa xəstə uşaqlara antibiotik verməyə başlayırlar:

“Bildirirlər ki, bu test bizim xəstəxanada yoxdur. Bəzi poliklinikalar icbari tibbi sığorta ilə analizə göndərə bilər, bəzilərində isə bu yoxdur. Olmadığına görə həkimlər müraciət edən xəstə uşaqlara antibiotik vururlar”.

Aytən İsmayılzadə bildirir ki, həkim səhlənkarlığından birbaşa antibiotik vurulan uşaqlar ola bilsin ki, qızılca və ya digər xəstəliyə yoluxmuş olsun:

“Mütləq antigen və antistrep testləri olmalıdır. Bunlar ekspress testlərdir, uşağın boğazından yaxma götürülüb həmin vaxtı yoxlanılır. Tez də cavab alınır. Bizimçün çox etibarlı testdir. Bundan sonra biz antibiotik terapiyasına başlayırıq. Əlbəttə ki, ürək nəzarətdə olmalıdır, analizlər verilməlidir ki, agırlaşmalar olmasın. Bu təkrarlana bilən xəstəlikdir, immunitet yaranmır, peyvəndi yoxdur. Səpki olmadan, boğaz ağrısı halsızlıq əlamətləri ilə böyüklər arasında da bu infeksiya yayıla bilər”.

Həkim- pediatr Xəyalə Quliyeva da mövzu haqda saytımıza danışıb:

“Bu yeni infeksiya deyil, sadəcə bu il buna daha çox təsadüf olunur. Uşaqlarda boğaz ağrısı irinli anginaya keçir. Dilin üzəri o qədər qızarır ki, məməcikləri moruq və ya çiyələk şəkilli formaya düşür. Eyni zamanda uşaqlarda səpkilər müşahidə olunur. Bu səpkilər xırda- xırda olur. Burun-dodaq üçbucağında səpkilər olmur”.

Həkim yayılan streptakok infeksiyasının əlamətlərini qızılca ilə necə fərqləndirməyin yollarını da açıqlayıb:

“Qızılca kimi qulağın arxa hissəsindən səpməyə başlamır. Yəni bu infeksiyada səpkilər əldə, ayaqda, sinədə ola bilər. Qızılca kimi mərhələli səpmir. Müalicədə mütləq şəkildə antibiotik istifadə olunmalıdır. Ancaq sırf streptakok infeksiyasına təsir edən antibiotik vurulmalıdı. Uşaq mütləq yataq rejimində olmalıdır, bol maye verilməlidir. Qaşınma olduğuna görə dərmanlardan istifadə olunmalıdır. Yoluxucudur. Digər uşaqlara yoluxma olmasın deyə ən azı 15 günə qədər xəstə uşaq ətraf mühitdən təcrid olunmalıdır, ev şəraitində izolyasiya olunmuş şəkildə saxlanılmalıdır. Əsasən 3- 7, bəzən 10 yaşadək uşaqlarda rast gəlinir. Daha kiçik və böyük uşaqlarda da infeksiyaya təsadüf oluna bilər”.

Xəyalə Quliyeva sonda bildirib ki, yayılan infeksiya revmatizm və digər xəstəliklər törətdiyinə görə böyrəyin ultrasəs müayinəsi(USM), ürək exokardioqrafiyası(EXO) olunmalıdır.