Son günlər Azərbaycanda xüsusilə bağça və ibtidai sinif yaşlı uşaqlar arasında yüksək hərarət, qusma, ishal, halsızlıq və iştahasızlıqla müşayiət olunan yoluxucu xəstəlik hallarının artması valideynlər və təhsil işçiləri arasında ciddi narahatlıq yaradıb.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə və mediada yayılan məlumatlara baxmayaraq, rəsmi qurumların açıqlamaları ictimaiyyətdə yaranan suallara aydın və konkret cavab verməkdə yetərsiz hesab olunur.
Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya qurumun cavabı olduqca qısa və məsuliyyəti başqa qurumun üzərinə yönəldən formada verilib.
TƏBİB bildirib ki, “ölkə üzrə epidemioloji nəzarət Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aiddir” və Nazirliyin daha əvvəl açıqlama yaydığını xatırladıb.
Lakin uşaqlar arasında müşahidə olunan konkret simptomlar, yoluxmanın mənbəyi və yayılma dinamikası ilə bağlı heç bir əlavə izah təqdim edilməyib.
Səhiyyə Nazirliyinin cavabı da oxşar xarakter daşıyıb. Nazirlik nümayəndələri sorğulara cavab olaraq, ümumi məlumatların artıq verildiyini və əvvəlki açıqlamadan istifadə edilə biləcəyini bildiriblər.
Bu isə valideynlərin konkret risklər, xüsusilə mədə-bağırsaq pozuntuları və yüksək hərarətlə müşayiət olunan halların səbəbləri ilə bağlı suallarını cavabsız qoyub.
Bir həftə əvvəlki açıqlamada da ümumi yanaşma sərgilənib, təəssüf ki konkret cavablar yoxdur.
Səhiyyə Nazirliyinin bir həftə əvvəl yaydığı rəsmi açıqlamada ölkədə kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin artdığı qeyd olunur. Açıqlamada əsas səbəblər kimi havaların soyuması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi göstərilir.
“Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı və ümumi halsızlıqla müşayiət olunur”* – deyə açıqlamada bildirilir.
Lakin valideynlərin və həkimlərin diqqət çəkdiyi əsas məqam – qusma, ishal və mədə-bağırsaq pozuntuları kimi simptomlar bu açıqlamada ya ümumiyyətlə qeyd edilmir, ya da kənarda saxlanılır. Halbuki məhz bu əlamətlər valideynlərdə xəstəliyin yalnız mövsümi qriplə məhdudlaşmadığı ilə bağlı şübhələr yaradır.
İctimaiyyət isə daha konkret məlumat gözləyir.
Mütəxəssislər bildirir ki, uşaqlarda müşahidə olunan bu cür simptomlar yalnız respirator viruslarla deyil, rotavirus, norovirus və digər mədə-bağırsaq infeksiyaları ilə də əlaqəli ola bilər. Buna baxmayaraq, rəsmi qurumlar tərəfindən hansı virus və ya bakteriyaların dövriyyədə olduğu, laborator nəzarətin nəticələri və bağça-məktəb mühitində görülən real tədbirlər barədə ictimaiyyətə ətraflı məlumat verilmir.
Valideynlər isə suallarına ümumi çağırışlar deyil, konkret tövsiyələr gözlədiklərini bildirirlər:
hansı hallarda uşağı məktəbə göndərməmək lazımdır, nə zaman təcili həkimə müraciət edilməlidir, bağçalarda sanitariya nəzarəti necə aparılır?
Hazırkı vəziyyətdə TƏBİB və Səhiyyə Nazirliyinin açıqlamaları mövcud narahatlığı azaltmaq əvəzinə, sualların açıq qalmasına səbəb olur. İctimaiyyət isə daha şəffaf, detallı və real vəziyyəti əks etdirən məlumatlandırma gözləyir.









