Uşaqpulu niyə verilmir? – İqtisadçı AÇIQLADIbackend

Uşaqpulu niyə verilmir? – İqtisadçı AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda ilk uşaq anadan olanda birdəfəlik yardım kimi ailəyə 370 dollar, sonrakı 2 uşağa görə 559 dollar, dördüncü və hər sonrakı uşaq anadan olanda isə birdəfəlik yardım kimi 746 dollar ödənilir. Ermənistanda isə birinci və ikinci uşağın doğulmasına görə birdəfəlik müavinət 300 min dram (770 dollar), üçüncü və dördüncü uşaqlar üçün 1 milyon dram (2,5 min dollar), beşinci və sonrakı hər uşağa 1,5 milyon dram (3,8 min dollar) təşkil edir.

Bundan başqa, üçüncü və sonrakı uşaqlar üçün valideynlərə uşağın 6 yaşı tamam olana qədər ayda hər uşağa 50 min dram (120 dollar) müavinət verilir. Qarabağdan olan köçkünlər Ermənistan vətəndaşlığını qəbul etdikləri halda bu ödənişlər onlara da şamil edilir. Bu məlumatı iqtisadçı-ekspert Natiq Cəfərli açıqlayıb. Cənubi Qafqazın hər iki ölkəsində bu sosial təminatlar olduğu halda, bəs Azərbaycanda niyə uşaqpulu verilmir?

NOCOMMENT.az xəbər verir ki, tribunainfo.az-a danışan iqtisadçı-ekspert Toğrul Maşallı səbəbləri sadalayıb.

Onun sözlərinə görə, hər bir ölkənin sosial siyasəti öz şərtlərinə uyğun həyata keçirilir: “Yəni sosial siyasət çərçivəsində addımlar hər dövlətin öz büdcəsinə, gəlirlərinə, ehtiyaclarına uyğun olaraq atılır. Dediyiniz ödənişlər başqa ödənişlərdir. Bu, demoqrafik artımı stimullaşdırma ödənişləridir. Bizdə isə hökumət daim bəyan edir ki, demoqrafiyanın vəziyyəti yaxşıdır. Ona görə də ciddi surətdə hansısa xüsusi addımlar atmaq lazım deyil”.

İqtisadçının fikrincə, uşaqpulu bu deyil: “Uşaqpulunun bir sıra məqsədləri var. Bu danışdığımız sosial dəstəkdir. Təcrübəyə görə, o ölkədə ki, harada ən azı ailəyə, uşağa müəyyən qədər yardım həyata keçirilirsə, o zaman orada insan kapitalı daha keyfiyyətli ola bilər. Çünki valideynlərin qazancı aşağı olduğu halda, ən azı uşağa müəyyən qədər vəsait ayırıb onun təhsilinə, sağlamlığına büdcə ayıra bilərlər. Dəstək olmadığı halda isə əlbəttə ki, heç bir şey ayıra bilməyəcəklər. Bu da insan kapitalına ciddi şəkildə təsir edir.

“Bizdə niyə uşaqpulu verilmir” sualına gəldikdə isə bu bir qədər çətindir. Çünki demoqrafik bizə lazım olmasa belə, demoqrafik artımı stimullaşdırmaq üçün o zaman sən bu pulu üçüncü, dördüncü uşağa verməlisən. Bizim danışdığımız isə odur ki, ən az bir uşağa görə hansısa vəsait ödənməlidir. Çünki bizdə əhalinin gəlirləri çox aşağıdır. Və bu aşağı gəlirlər şəraitində əlbəttə ki, müəyyən dəstəyin olması lazımdır.

Ailə ən az uşaqlarını sağlam, təhsilli böyütsünlər. Bunun üçün də əlbəttə ki, sosial kömək lazımdır. Bu Avropada da, digər ölkələrdə də mövcuddur. Dünya ölkələrində bu normal təcrübədir. Təəssüf ki, o bizdə yoxdur. Bizdə demoqrafiyada da problemlər müşahidə olunur, ancaq hökumət bildirir ki, bizdə problem yoxdur”.