Ümumdünya Səhiyyə Təşkilatının (“ÜST”) müşavirlərindən biri, doktor Rita İssa (Rita Issa), iqlim böhranının 2050-ci ilə qədər yeni pandemiyanın yaranmasına səbəb ola biləcəyini bildirib.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (“BMT”) İqlim Dəyişikliyi üzrə 29-cu Tərəflər Konfransında (“COP29”) sualları cavablandıran İssa, iqlim böhranının insan sağlamlığına çoxsaylı təsirlər göstərdiyini vurğulayıb. O, ekstremal hava hadisələrindən qaynaqlanan xəsarətlər, yoluxucu xəstəliklər və isti hava dalğalarının yaratdığı problemlərin bu təsirlərin bir hissəsi olduğunu qeyd edib.
ÜST müşavirinin açıqlamaları:
İssa “COP29” çərçivəsində mövzu ilə bağlı çoxsaylı müzakirələr aparıldığını qeyd edib:
“Ekstremal istilərin ürək sağlamlığı üzərində ciddi təsirləri var. Hər il həddindən artıq istilərin səbəb olduğu ölüm hallarının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. İqlim dəyişikliyi hər yaş qrupundan insanın sağlamlığını təhdid edir, lakin xüsusilə həssas qruplar üçün daha böyük risklər yaradır. Bu qruplara yaşlılar, uşaqlar və hamilə qadınları daxil etmək mümkündür. Bundan əlavə, iqlim böhranı artıq sağlamlıq problemləri ilə mübarizə aparan insanlar üçün əlavə yük yaradır.”
İssa iqlim böhranı ilə yoluxucu xəstəliklər arasında əlaqəyə diqqət çəkib. Onun sözlərinə görə, xəstəlik daşıyan canlıların bölgə dəyişməsi bu əlaqənin əsas səbəblərindəndir.
Malyariya və dang qızdırması yayan ağcaqanadların qlobal istiləşmə nəticəsində yaşayış yerlərini dəyişdiyini bildirən İssa, bu kimi hallar nəticəsində pandemiya riskinin artdığını vurğulayıb.
O əlavə edib:
“İqlim dəyişikliyi mütləq yeni pandemiyaya səbəb ola bilər. ÜST-nin “COP29” çərçivəsində bir həftə ərzində həyata keçirdiyi proqramlarda iqlim böhranının pandemiya risklərini artırdığına dair çoxlu sübut təqdim edildi. Bunun əsas səbəbi pandemiyaya yol aça biləcək xəstəliklərin insanların təbiətlə və biomüxtəlifliklə olan əlaqəsindən qaynaqlanmasıdır. Təbiət, biomüxtəliflik, iqlim dəyişikliyi və insan sağlamlığı bir-biri ilə sıx bağlıdır. İqlim böhranı nəticəsində insanların təbiətlə əlaqələrində dəyişikliklər müşahidə olunur və bu, 2050-ci ilə qədər yeni pandemiyanın yaranması ehtimalını artırır.”