Dünya Səhiyyə Təşkilatı ən həssas təbəqədən olan əhalinin sağlamlığını qorumaq üçün 1,5 milyard dollar dəyərində yardım toplanılması barədə çağırış edib.
NOCOMMENT.az xəbər verir ki, təşkilatın Baş direktoru Tedros Qebreyesus bildirib ki, bu il təxminən 166 milyon insanın tibbi yardıma ehtiyacı olacaq.
Qebreyesus Sudan, Ukrayna, Efiopiya, Haiti, Myanma və Qəzzada baş verən münaqişələrdən dəhşətə gəldiyini də diqqətə çatdırıb:
“2023-cü ildə dünyada hər beş uşaqdan biri münaqişə zonalarında yaşayıb və ya oradan qaçmaq məcburiyyətində qalıb. İqlim dəyişikliyi çərçivəsində baş verən hadisələr də əhalinin sağlamlığına mənfi təsir göstərib. Ötən il humanitar yardımın maliyyələşdirilməsi son on ilin ən aşağı səviyyəsində olub, səhiyyə sahəsində proqnozlaşdırılan maliyyələşdirmənin sadəcə 12 faizi təmin edilib.
Səhiyyə böhranlarının təsirlərini azaltmağın yalnız iki yolu var: maliyyələşdirməni artırmaq və ya ehtiyacları azaltmaq. Hazırda heç biri baş vermir. Humanitar missiyalarda çalışanlar müdaxilə etmədikdə, həyatlar risk altına düşür və insanların ehtiyacları artır”.