Bakıda yaşayan Beyləqan sakini İbrahimov Rəşid Əli oğlu “Kontakt Home” mağazalar şəbəkəsinin 20 yanvar filialından aldığı kondisionerdə texniki nasazlıq olduğunu, problemin mağazanın serviz xidməti əməkdaşının səhlənkarlığı nəticəsində yarandığını iddia edir.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Bakupost.az -a müraciətində bildirib.
Şikayətçinin sözlərinə görə, 2023-cü ildə “Kontakt Home”dan “Beko” markalı kondisioner alıb. Cihaz qısa müddət işlədikdən sonra sıradan çıxıb.
“Keçən il kondisioner işləmədiyinə görə mağazanın ustası gəlib baxış keçirdi. Lakin cihazın tutumunu nəzərə almadan ona normadan 2 dəfə çox qaz vurdu. Bu isə texniki baxımdan ciddi səhvdir və kondisionerin sıradan çıxmasına səbəb oldu”.
Rəşid İbrahimov bildirib ki, bir həftə ərzində dəfələrlə “Kontakt Home”a müraciət etsə də, heç bir nəticə əldə olunmayıb:
“Evdə 5 aylıq körpə var, istidən dayanmaq olmur. Amma “Kontakt Home”dan bildirirlər ki, guya barəmizdə “məhkəmə qətnaməsi var” və xərcləri biz ödəməliyik. Halbuki bu problem mağaza ustasının səhlənkarlığı səbəbilə baş verib və mən 500 AZN-dən çox maddi ziyana düşmüşəm”.
Şikayətçi əlavə edib ki, müraciət zamanı mağazanın əməkdaşlarından biri onunla kobud və hörmətsiz davranıb:
“Ən acınacaqlısı isə odur ki, “Kontakt Home” əməkdaşlarından biri müştəri ilə kobud və hörmətsiz davranıb, lakin mağaza bu barədə heç bir tədbir görməyib! Bu kimi halların təkrarlanmaması və digərlərinin də belə haqsızlıqla qarşılaşmaması üçün məsələni ictimaiyyətə çatdırıram. Hörmətli Kontakt Home, bu məsuliyyətsiz davranışınıza son verin və məsuliyyəti öz üzərinizə götürün!”
Məsələ ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinə ünvanladığımız sorğu cavabsız qaldı.