“Üzbəsurət görməmişəm, ancaq…” – “Şərurlu İsfəndiyar” Ramiz Mehdiyevlə əlaqəsindən danışdıbackend

“Üzbəsurət görməmişəm, ancaq…” – “Şərurlu İsfəndiyar” Ramiz Mehdiyevlə əlaqəsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur iş adamı, adı qalmaqallardan əskik olmayan “Şərurlu İsfəndiyar”ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbəri Ramiz Mehdiyevin “adamı” olması, onun “krışası” altında çalışması haqda iddialar yayılıb. Belə xəbərlər dolaşır ki, Mehdiyevin son açıqlamalarından sonra İsfəndiyar Axundovun da durumu ürəkaçan deyil…

NOCOMMENT.az xəbər verir ki, İsfəndiyar Axundov bu iddialarla bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, onun Ramiz Mehdiyevə görə sorğu-suala çəkilməsi haqda xəbərləri ilk dəfədir eşidir:

– Mənim bu məsələlərdə adımın hallanmasını eşitməmişəm. Mən Ramiz Mehdiyevi televiziyadan ayrı yerdə görməmişəm. Bildiyim odur ki, hamı dövlətin qoyduğu qanuna əməl etməlidir, başqa nəsə deyə bilmirəm.

– Ramiz Mehdiyev karantin dövründə toy etməklə gündəmə gəldi, cəzalandı. İllərlə yüksək vəzifə tutmuş məmurun bu demarşı, sizcə, nəyə hesablanmışdı?

– Özləri səhvlərini başa düşdülər, özlərinə görə də ən ağır cəzanı aldılar.

– Ramiz Mehdiyev karantin dövründə toy məclisi təşkil etdi və bu addımı əksəriyyət tərəfindən dövlətə meydan oxumaq kimi qəbul etdi. Siz bu haqda nə düşünürsüz?

– Ramiz Mehdiyevin nə istədiyini mən bilmirəm. Ramiz Mehdiyev uzun müddət işləyib, xalqa necə xidmət edib bunu millət də, dövlət də bilir. Amma bu gün ağsaqqal da olsa, səhvi oldu, səhvinə görə də cəzasını aldı.

– Xalqa, millətə xidmət etməyindən danışdız. Necə xidmət edib – yaxşı ya pis?

– Mən siyasətdən uzaq adamam, bunu görə bilmərəm. Görmədiyim, tanımadığım adam haqda nə deyim. 1-ci sinfə, orta məktəbə getməyən adamam. Mən kiməm ki, kiminsə haqqında götürüm qərar verim, fikir söyləyim. Bunu siyasətlə məşğul olanlar, millət vəkilləri, vəkillər bilə bilər. Bu, onların işidir.

– 1-ci sinifə getməmisiz, özünüzə, ailənizə, övladınıza qismət olsun, böyük bir şirkət qurmusunuz. Bunun özü də elə bir siyasətdir, siyasətdən baş çıxarmasaydız, şirkətinizi böyüdə bilməzdiniz. Böyük bir şirkət sahibinin uzun illər digər vəzifələri bir kənara, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına rəhbərlik edən şəxslə yolunun kəsişməməsi, onun tərəfindən göndərilən sifarişlərlə bezdirilməməsi qəribə görünür…

– Mən onu üzbəsurət görməmişəm. Ancaq televizorda görmüşəm.

– Aranızda vasitəçilər olub?

– Onun kimlərlə işlədikləri bilinir. Bunu demək lazım deyil ki. “Baksovet”dən maraqlan, onlar deyəcək kimlərə torpaq ayrılıb, kimlərə ev tikilib. Bunlar hamısı məlumdur.

– Tikintidə fəhləlikdən başlayıb bənnalığa qədər qalxan, böyük tikinti şirkəti quran şəxssiz. Ramiz Mehdiyevin imarətlərinin fotoları yayılıb, elə bir imarət neçəyə başa gəlir?

– 2-3 milyona. 2 milyon böyük məbləğdir, 2 milyona böyük işlər görmək olur. Bəzi insanlar milyonu tanımır. Amma şişirdirlər ki, milyona nələr edir.

– Dövlət məmuru 2 milyonluq imarət tikə bilər?

– Əlbəttə ki, tikə bilməz.

– İmarət ortadadır, 2 milyon dəyəri olduğunu deyirsiz. Bunun mənbəyi haradır sizcə?

– Mən “KQB”də işləmirəm.

– Siz müsahibələrinizdə deyirsiz ki, oğlum “Lamborghini Aventador” sürə bilər, mən iş adamıyam. Bəs dövlət məmuru 2 milyonu haradan alır?

– Yəqin ətrafında iş adamları olub, köməklik olur. O gün qəzetdə oxudum ki, Ramiz Mehdiyevə Ziya Məmmədov bir bağ verib. Qəzetdə belə yazmışdılar.

– Bəs böyük tikinti şirkətinin sahibi kimi sizdən nəsə istəməyiblər?

– Məndən kim nə istəyə bilər? Mən zülmlə işləyirəm, kimə görəsə işləmirəm.

– Ramiz Mehdiyevlə bağlı danışmağa ehtiyat edirmiş kimi görünürsüz. Ortaq tanışlarınız var? Kürəkəni İlham Əliyevlə və ya ətrafından başqa şəxslərlə münasibətlər olub?

– O, vəzifədə olanda şəxsən istəyərdim ki, mənlə münasibəti olsun. Kim istəməzdi ki? Nə pis olardı? Kürəkənini də televizorda deputat vaxtı görmüşdüm.

– Çağırışlar var ki, 82 yaşlı Ramiz Mehdiyev gedib evində otursun, nəvələri ilə oynasın. Uzun illər istirahətsiz çalışan bir iş adamı kimi bu çağırışlara qoşulursuz?

– Dövlət nə məsləhət verirsə, elə də olmalıdır. Desələr ki, get, getməlidir.