“Valideynlərin müəllimi şagirdlər qarşısında təhqir etməsi, onun nüfuzunu azaldır”backend

“Valideynlərin müəllimi şagirdlər qarşısında təhqir etməsi, onun nüfuzunu azaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər məktəbdə müəllim və şagird arasında problem yaranarsa, valideyn ilk növbədə məsələyə diqqətlə yanaşmalı və günahı müəllimdə deyil, övladında axtarmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.

Ekspert qeyd edib ki, valideynin müəllimi şagirdin yanında təhqir etməsi və ya ona qarşı qeyri-etik davranış sərgiləməsi yolverilməzdir:

““Təhsil haqqında” qanunda valideyn-müəllim-şagird üçbucağının əhəmiyyəti vurğulanır. Bu o deməkdir ki, valideyn məktəb rəhbərliyi və sinif rəhbəri ilə mütəmadi görüşlər keçirməli, şagird isə valideyninin onun təhsili ilə maraqlandığını görərək daha həvəsli və məsuliyyətli olmalıdır. Bununla belə, valideyn öz hüquq və vəzifələrindən kənara çıxmamalıdır.

Təəssüf ki, bəzi valideynlər hüquqlarından sui-istifadə edərək məktəb və müəllimlərə qarşı müdaxilə edirlər. Məsələn, valideynin müəllimi şagirdin yanında təhqir etməsi və ya ona qarşı qeyri-etik davranış sərgiləməsi yolverilməzdir. Bu cür hallar müəllimin şagirdlər arasında hörmətini azaldır və onun nüfuzunu zəiflədir. Nəticədə şagird müəllimi tənqid obyekti kimi görməyə başlayır ki, bu da təlim-tərbiyə prosesinə mənfi təsir göstərir.

Hər bir müəllim şagirdlərinin uğurlarını və nailiyyətlərini görmək istəyir. Amma müəllim də insandır və səhv edə bilər. Ancaq valideynin bu səhvi kobud formada, məsələn, “gedib ağzının payını verəcəm” kimi yanaşmalarla həll etməsi yanlışdır. Belə hallarda məsələ hörmət çərçivəsində və müəllimi nüfuzdan salmadan müzakirə edilməlidir.

Əgər məktəbdə müəllim və şagird arasında problem yaranıbsa, valideyn ilk növbədə məsələyə dəqiqliklə yanaşmalı və günahı müəllimdə deyil, övladında axtarmalıdır”.

Ramin Nurəliyev əlavə edib ki, valideyn övladına izah etməlidir ki, yüzlərlə şagird arasında problem tək niyə onda yaranır? Niyə müəllim tək sənə qarşı soyuq münasibət göstərir?

“Bu cür yanaşma şagirdi öz davranışı haqqında düşünməyə məcbur edir. Lakin, təəssüf ki, bəzi hallarda valideyn kiçik anlaşılmazlıqlar zamanı müəllimə qarşı aqressiv davranır və onu məktəb kollektivinin və şagirdlərin gözündə alçaltmağa çalışır. Bu isə həm məktəb daxilində, həm də müəllimin şəxsi həyatına mənfi təsir göstərir.

Bu məsələdə məktəb rəhbərliyinin də böyük məsuliyyəti var. Əgər məktəbdə hər hansı problem yaranarsa, valideyn məktəb direktoruyla görüşməli, direktor isə müəllimi çağırıb: “Müəllim, sən belə bir iş görmüsən, indi cavabını ver”, – deməməlidir. Rəhbərlik hər zaman öz kollektivini müdafiə etməli və haqlı səbəblər istiqamətində arxasında durmalıdır.

Bununla yanaşı, valideyn dərs prosesinə heç bir müdaxilə edə bilməz, hətta məktəb rəhbərliyi belə müəllimdən icazəsiz sinifə daxil ola bilməz. Çünki dərsin sahibi müəllimdir. Bu kimi problemlərin əsas səbəbi cəmiyyətdə hüquq və vəzifələrin kifayət qədər bilinməməsidir. Əgər valideyn məktəblə münasibətdə öz hüquq və vəzifələrini bilsə, belə halların qarşısı alınar. Məktəblə bağlı öz hüquqlarını bilən valideynlər, məktəb və rəhbərliklə münasibətlərində heç bir ciddi narahatlıqla üzləşmirlər”.