Vaqif Xaçatryanın apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclası keçirilibbackend

Vaqif Xaçatryanın apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclası keçirilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Vaqif Xaçatryan ifadə verib.

O bildirib ki, barəsində olan hökmdən apellyasiya şikayətini həm özü, həm də müdafiəçisi Radmila Abılova verib.

V.Xaçatryanın vəkili Radmila Abılova isə çıxışı zamanı məhkəmədən müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə zərərçəkmiş şəxs qismində çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov, eləcə də dövlət ittihamçısı isə şikayətin təmin olunmamasını istəyiblər.

Növbəti məhkəmə prosesi yanvarın 15-nə təyin edilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.