Vasif Talıbova məxsus olduğu deyilən şirkətlə bağlı daha bir məhkəməbackend

Vasif Talıbova məxsus olduğu deyilən şirkətlə bağlı daha bir məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu iddia edilən “Bahar Kargo” MMC barəsində növbəti dəfə inzibati iş başlanıb.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkət bu dəfə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə ittiham edilir.

Bu maddə dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.

398-ci maddədə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Xalidə Əlisoy iş üzrə hakim təyin edilib.

“Bahar Kargo” MMC barəsində bundan əvvəl İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi) maddəsi ilə iş başlanışmışdı.

Bu iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdi. Nəticə barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

“Bahar Karqo” MMC 4 may 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Elgün Elçin oğlu Qəhrəmanovdur.

Elgün Qəhrəmanovun uzun müddət Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olmuş Elçin Qəhrəmanovun oğlu olduğu bildirilir. Onun digər oğlu Hümbət Qəhrəmanov Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır.

Mediada gedən məlumatlardan aydın olur ki, Elçin Qəhrəmanov “Bahar Karqo” MMC-nin idarəçilərindən olub.

Bu arada xatırladaq ki, Vasif Talıbovun qızının adı Baharxanım Talıbovadır. Şirkətin adının da onun adına uyğunlaşdırıldığı iddia edilir.

Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verəndən sonra nəzarətində olan biznes obyektlərinin əhəmiyyətli hissəsini itirməyə başlayıb.
Məsələn, “Gəmiqaya Holding”, “Cahan Holding” və “Naxçıvanbank” ASC kimi iri biznes obyektlərinin artıq keçmiş sədrin nəzarətindən çıxdığı bildirilir.