Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə etdikləri razılaşmalar Rusiyada ciddi narahatlıq doğurub. İmperiya siyasətinin təbliğatçıları sənədi yekdilliklə Rusiyanın maraqlarına qarşı yönəldiyini iddia edir, hətta sərt cavab addımlarına çağırışlar edirlər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, rəylərdə Vaşinqton sammiti birmənalı şəkildə Moskvanın maraqlarına zərbə kimi qiymətləndirilir. Halbuki Rusiya XİN rəsmisi Mariya Zaxarova avqustun 9-da bildirmişdi ki, Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır: “Ən mühüm şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına əsaslanaraq hərtərəfli normallaşmasıdır”.
Və bu bəyanatdan az sonra Kreml təlxəkləri Vaşinqton görüşünü kəskin və sərt tənqidə keçirlər.
Duqin: Vaşinqton razılaşması Rusiyaya vurulan şillədir
Məsələn, “rus dünyası” ideoloqlarından biri Aleksandr Duqin Azərbaycan və Ermənistan arasında paraflanan sənədi Rusiyanın postsovet məkanı üzərində mövqelərinin itirilməsi, Cənubi Qafqazda təsirini əldən verməsinin bariz nümunəsi kimi qiymətləndirib. Onun qənaətincə, “Vaşinqtonda əldə olunan razılaşma Rusiyanın ciddi şəkildə aşağılanmasıdır”. Duqin iddia edir ki, “Rusiya bölgədə qan və zorakılığın tərəfdarı deyil, lakin ədalət istəyir”.
“Ədalət” dedikdə nəyi nəzərdə tutur? Duqin buna aydınlıq gətirməyə həvəs göstərmir. O, deməsə də, azərbaycanlılar və digər xalqlar bunu gözəl bilirlər. Məhz Duqinin qulluq etdiyi sistem bölgədə “atan kazaklardır” siyasəti ilə yüz ildən artıq müddətdə azərbaycanlılar və ermənilər arasında qarşıdurma yaradıb, separatizmi qızışdırıb və s. Duqin onu da bilməmiş deyil ki, Rusiya SSRİ dağıldıqdan sonra Minsk qrupunun həmsədri olsa da, münaqişənin həllinə heç bir dəstək verməyib. İndi hər iki xalqın lideri Vaşinqtonda sülh sazişi imzaladığı bir vaxtda tarixi sazişə qarşı çıxır, bölgəyə daimi sülh gəlməsini heç cür həzm edə bilmir.
A.Duqin bəyan edir ki, “siyasətimizin nəticəsiz şəkildə uğursuzluğunu müşahidə etmək alçaldıcıdır. Bu müqavilə hər bir rus insanına bir şillədir”. Ardınca da Rusiya xarici siyasətinə cavabdehləri ittiham edib, hətta cəzalandırmağı tələb edib.
Birbaşa Kremldən əmr və tapşırıqlar alan teleaparıcı Vladimir Solovyov isə daha irəli gedib. Xəzər dənizi hövzəsində NATO bazasının yerləşdirilməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib və yeni “xüsusi hərbi əməliyyat” keçirməyə çağırıb. Bu cür bəyanatları Dövlət Dumasının bəzi deputatları, o cümlədən kəskin açıqlamaları ilə tanınan general Andrey Qurulyov da dəstəkləyib. O, Azərbaycandan idxal olunan mallara qadağa tətbiq edilməsini və Rusiyadakı azərbaycanlı sahibkarlara “təzyiq göstərilməsini” təklif edib. Açıq şəkildə bildirib ki, xüsusi hərbi əməliyyat nisbi anlayışdır və onun coğrafiyası Rusiya ilə sərhədi olan bütün ölkələri əhatə edə bilər.
Bu cür açıqlamalar göstərir ki, söhbət artıq tək bir təbliğatçının təxəyyülündən yox, Rusiyanın hakimiyyət və güc strukturlarına yaxın şəxslərin məqsədyönlü gərginlik yaratmasından gedir.
Kabanov – Rusiya rəsmisi neonasist tələblərini gizlətmir
Yeri gəlmişkən, duqinlər, solovyovların sırasına daha bir azərbaycanofob, türkofob da qoşulub – müsəlman-türk miqrantlara qarşı açıq irqçi, faşist mövqeyi ilə seçilən Rusiyanın Milli Antikorrupsiya Komitəsinin sədri, RF Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü Kirill Kabanov. O, Kremldən gələn əmr və tapşırıqlara uyğun olaraq Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannaməyə qarşı çıxıb. “Təbliğat təlxəkləri” sırasında yer alan, soyadı ilə baxışları bir-birini tamamlayan Kabanov Azərbaycanı Rusiyanın dostları sırasından çıxarmağı tələb edib.
Əvvəla, ondan başlayaq ki, Kabanov yuxarıda adlarıçəkilən şəxslərdən fərqli olaraq rəsmi şəxsdir və onun dedikləri dövlətin mövqeyi kimi qarşılanmalıdır. Avantürist məmur heç nədən çəkinmədən Ukraynada Azərbaycana məxsus neft bazalarına, obyektlərinə dəqiq zərbələrin sayını artırmaq, Rusiyada Azərbaycan diasporasına hücumları intensivləşdirmək, onlara məxsus biznesi tam bağlamağı tələb edib.
Yeri gəlmişkən, Kabanov tarixi təhrif etməsi, olayları saxtalaşdırmaq, insanlara, hətta bütöv xalqlara şər-böhtan yağdırması ilə tanınır. Və bu mövqeyi tək azərbaycanlılara qarşı deyil, bütövlükdə müsəlman-türk xalqlarından olanlara qarşıdır. Kirill Kabanov Mərkəzi Asiya ölkələrinin “öz problemlərini bizim hesabımıza necə həll etməkdə” ittiham edib. Onları bütövlükdə Rusiyadan sıxışdırıb çıxarmağa çağırışları ilə tanınıb.
Kabanovu bir çox fikirləri ilə faşist ideologiyasının başında durmuş Gebbelsə bənzətmək olar. Məsələn, Kabanov müsahibələrinin birində bildirib: “Hara baxırsan miqrant gözünə dəyir – avtobusda, metroda. Biz ictimai nəqliyyatda daha rahat gedə bilərdik. Miqrantlar istirahət, xidmət sahələrinə də yükdür. Əcnəbilərin sayı artdıqca – yük də artır. Bəs ixtisas baxımından bu mütəxəssislər bizə nə dərəcədə lazımdır? Bizim ixtisaslı işçilərə ehtiyacımız var. Sənaye onlara ehtiyac duyur. Amma bizə gələn miqrantlar çox vaxt aşağı ixtisaslı olurlar”. Onun bu fikirlərinə nəzər salanda ötən əsrin otuzuncu illərinin Almaniyası yada düşür – eyni ssenari, eyni yanaşma.
Kabanovun faşistliyi, qeyri-ruslara qarşı aqressiyası bunlarla kifayətlənmir. Tümen vilayətində yerli xalqın tarixi şəxsiyyəti Kuçum xanın xanımına abidə qoymaq istəyinə qarşı sərt mövqe nümayiş etdirib. Nədir ki, bunlar rus çarlarının Sibiri işğal etmək siyasətinə qarşı çıxıblar. Kabanov abidə qoyulmasını ekstremizm adlandırıb. İddia edib ki, Rusiyanın, Rusiya İmperiyasının və ya Sovet İttifaqının düşməni olanları milli qəhrəman kimi təqdim etmək cəhdləri artıb. “Bizi ideoloji təxribat izləyir”,- deyə Kabanov bəyan edib.
Tatar icmasının nümayəndələri sosial şəbəkə səhifələrində Kabanovu “rus nasisti” adlandırıblar. Bildirilib ki, onun timsalında rus nasistləri müsəlman təşəbbüslərinə qarşı çıxır. Qeyd ediblər k, son illərdə Rusiya hakimiyyəti “çoxkonfessiyalılıq” və “ənənəvi dəyərlər” haqqında mantranı yorulmadan təkrarlayır, müsəlman əhalisi ilə flört etməyə çalışır. Bu, xüsusilə islam kimliyinin institusional və mədəni gücünü qoruyan az sayda regionlardan biri olan Tatarıstanda aydın görünür. Lakin bu siyasətin riyakarlığı rus sağçı radikal dairələri səhnəyə çıxdıqda aşkar olur.
“Bu günlərdə rus nasistlərinin ideoloqlarından biri olan Kirill Kabanov Tatarıstan hakimiyyətinin müsəlman icması daxilində İslam normalarını şərh edən orqan – Qazilər Şurasının yaradılmasına icazə verməsini açıq şəkildə tənqid edib. Bundan əlavə, o, sanki bu Rusiya hüquq sisteminə təhdid yaradırmış kimi, Mendeleyevsk rayonunda məktəb qidasının halal qidaya keçirilməsi qərarını tənqid edib. Yəni, pəhriz normalarına riayət etmək artıq dövlətə təhdiddir?” – deyə sosial şəbəkələrdə vurğulanıb. Qeyd olunur ki, “rus nasistləri tamamilə anlamırlar ki, bütün bu müsəlman təşəbbüsləri “islamlaşmanın” nəticəsi deyil, Rusiya hakimiyyətinin özünün düşünülmüş siyasi gedişidir”.
Göründüyü kimi, Rusiya Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannaməni hər vəchlə aşağılamağa, ona müxtəlif cür don geyindirməyə çalışır. Qeyd olunanlar da sübut edir ki, Kreml Cənubi Qafqazda sülh və əməkdaşlıq yox, əbədi qarşıdurmanın və bulanıq suda balıq tutmağın tərəfdarıdır.