ABŞ dövlət katibi Marko Rubio bu gün Vaşinqtonda Ukrayna nümayəndə heyətini qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbəri Andriy Yermak öz telegram kanalında məlumat yayıb.
Yermakın sözlərinə görə, görüşdə baş nazir Yuliya Svırıdenko, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina iştirak ediblər.
Nümayəndə heyəti dövlət katibi ilə Ukrayna və ABŞ prezidentləri arasında sabah – oktyabrın 17-nə planlaşdırılan görüşün hazırlığının təfərrüatlarını müzakirə edib.
Yermak qeyd edib ki, tərəflər “təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün” uzunmüddətli təhlükəsizlik arxitekturasının necə olması barədə fikir mübadiləsi aparıblar. Eləcə də Rusiyanı müharibəni bitirməyə məcbur edə biləcək addımlardan da danışıblar.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Ukraynanın Rusiya ilə döyüş meydanında hücuma keçmək istədiyini bəyan etdi.
Elə həmin gün ABŞ-nin müdafiə naziri Pit Haqset müharibəni dayandırmaq üçün addım atmayacağı təqdirdə ölkəsinin Rusiyaya qarşı hərəkətə keçəcəyini söylədi.
Xatirə SADİQ