Vaşinqtondakı görüş tarixi fürsət və qələbəmizdir – RƏYbackend

Vaşinqtondakı görüş tarixi fürsət və qələbəmizdir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin bu gün keçiriləcək görüşü tarixidir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev deyib.

O qeyd edib ki, bu, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi nəticənin məhz dünyanın siyasi mərkəzi sayılan Vaşinqtondan elan edilməsi baxımından önəmli hadisədir:

“100 il əvvəl tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvandan aralı düşdük. 100 ildən sonra Azərbaycan ilk dəfə digər əraziləri ilə Naxçıvan arasında birbaşa quru yolla əlaqə şansı əldə edir. Bu, Azərbaycanın diplomatik qələbəsidir”.

Deputat hesab edir ki, Zəngəzur dəhlizini müxtəlif cür adlandırmaq olar, ancaq mahiyyət dəyişməz olaraq qalır:

“Bununla yanaşı, Azərbaycanın təşəbbüs və təkidi ilə Ermənistan artıq ATƏT-in Minsk qrupundan çıxmaq haqqında sənəd imzalamağa da razılaşıb. Bu artıq münaqişənin və Minsk qrupunun “vasitəçilik” funksiyasının arxivə getdiyinin göstəricisidir. Bunu məhz Azərbaycan Prezidenti bacardı”.

Müsahib diqqətə çatdırıb ki, Vaşinqtonda əldə olunacaq digər bir vacib məsələ sülh istiqamətində atılacaq addımları gücləndirən birgə bəyannamə olacaq:

“Əgər mətbuatda yayılan digər məlumatlar realdırsa, görüş çərçivəsində sülh müqaviləsinin paraflanması nəzərdə tutulur ki, bu da sonradan yekun sülh müqaviləsinin imzalanmasına şərait yaradan önəmli sənəddir. Biz hər üç məsələni Azərbaycanın tarixi uğur və qələbəsi kimi qəbul edirik. Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar Azərbaycanın iki istəyinin – Zəngəzur dəhlizinin açılmasının və ATƏT-in Minsk qrupunun ləğvinin reallaşmasını təsdiqlənir”.

T.Gəncəliyevin sözlərinə görə, hazırda ən önəmli məqam artıq Cənubi Qafqazda yeni regional konfiqurasiyada Azərbaycan liderinin xüsusi rolunun təsdiq olunmasıdır:

“Bu, tarixi fürsət və qələbəmizdir. Azərbaycan son 200-300 illik tarixində ən güclü, öz siyasətini tam şəkildə yeridən bir səviyyəyə çatıb. Biz bunu Azərbaycan liderinin rəhbərliyi altında bacardıq”.